YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviya Seyminin yeni spikeri Azərbaycan ilə dostluq münasibətlərini dəstəkləyən İnara Murnietsedir

Latviyanın 13-cü Seyminin deputatları açıq səsvermə ilə parlamentin spikerini seçiblər.

“Hər şey Latviya üçün” – “Vətən və azadlıq naminə/LNNK” Milli Alyansının təmsilçisi xanım İnara Murnietse yenidən parlamentin spikeri olub. Xanım Murnietsenin namizədliyini səsvermədə iştirak edən 77 deputatdan 44-ü dəstəkləyib.

İxtisasca jurnalist olan və uzun illər bu istiqamətdə fəaliyyət göstərən İnara Murnietse 48 yaşındadır. Karyerasına “Lauku avize” qəzetində başlayan spiker təmsil etdiyi Alyansın fəallarındandır.

Azərbaycanla yaxın dost münasibətlərdə olan Xanım İnara Murnietse öz rəsmi çıxışlarında hər zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə ölkəsinin dəstəyini ifadə edib. 2015-ci ildə onun sədrliyi dövründə Latviya Seyminin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qrupu tərəfindən Xocalı faciəsinin insanlıq əleyhinə cinayət olduğunu bildirən bəyanat qəbul edilib. Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun təşəbbüsü ilə 53 deputatın imzası ilə qəbul edilmiş bəyanatda bu faciə insanlıq əleyhinə cinayət olaraq tanınıb. Bu hadisə ilə əlaqədar xanım İ.Murnietse Azərbaycan dövləti və xalqına dərin hüznlə başsağlığı verib.

2016-cı ilin oktyabrında Azərbaycanda səfərdə də olan Seymin spikeri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər rəsmi şəxslərlə ilə görüşüb.

12-ci Seymdə təmsil olunan və 13-cü Seymə təkrar seçilən Latviya- Azərbaycan parlamentlərarası əlaqələr üzrə dostluq qrupunun üzvü və Latviya Seyminin iqtisadiyyat, kənd təsərrüfatı, ətraf mühit və regional siyasət komitəsinin keçmiş sədri, Azərbaycan əsilli deputat Roman Naudinş də xanım İ.Murnietse ilə eyni - “Hər şey Latviya üçün” – “Vətən və azadlıq naminə/LNNK” Milli Alyans” partiyasını təmsil edir. “Milli Alyans” (sağ populist və milli mühafizəkar partiyadır) Avropa Parlamentində “Avropa Mühafizəkarları və İslahatçıları” (“ECR”) siyasi qrupunda təmsil olunur.

Latviya Seymi birpalatalı parlamentdir və 100 deputatdan ibarətdir. Onlar ölkənin 5 regionu üzrə vətəndaşların səsverməsi yolu ilə seçilir.