YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycanın xarici işlər naziri ilə görüşüb

Bolqarıstana səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov oktyabrın 31-də Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevə çatdırıb.

Bolqarıstan Prezidenti Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Görüşdə iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Hər iki tərəfin əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb. Xüsusilə energetika və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hər iki ölkə tərəfindən verilən önəm qeyd edilib.

Prezident Rumen Radev 2017-ci ilin oktyabrında Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birgə bəyanatlarının davamı olaraq, Bakı-Sofiya birbaşa hava xəttinin açılmasını çox yüksək qiymətləndirib. Bu hava xəttinin açılmasının tərəflər arasında xüsusilə turizm sahəsində əlaqələrin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı 2015-ci il 4 mart tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi baxımından əlverişli siyasi zəmin yaratdığı ifadə olunub.