YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Qahirədə beynəlxalq elmi konfrans keçirib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Misirdə fəaliyyət göstərən Al-Azhar təşkilatı ilə birgə Qahirədə “İslam və Qərb” mövzusunda beynəlxalq konfrans keçirib.

Mərkəzdən bildiriblər ki, Al-Azharın böyük imamı, 2018-ci ildə dünyanın ən nüfuzlu müsəlman lideri seçilmiş Ahmed el-Tayebin dəstəyi nəticəsində baş tutan konfransda İslam dünyası və İslam dini haqqında bəzi Qərb cəmiyyətlərində formalaşmış yanlış fikirlərlə bağlı dünyanın nüfuzlu siyasət və dövlət adamlarının məruzələri dinlənilib. Çıxış edənlər İslamın tolerantlıq və humanizm dini olduğunu vurğulayıblar. Qeyd olunub ki, İslam dini bəşəri dəyərlərə, dünyada sülhün, təhlükəsizliyin, fərdi azadlıqların təmin olunmasına xidmət edir. İştirakçılar Mərkəzin təşəbbüsü ilə keçirilən bu tədbirin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulayıblar.

Beynəlxalq konfransda sabiq dövlət başçıları Petar Stoyanov (Bolqarıstan), Valdis Zatlers, (Latviya), Zlatko Lagumciya (Bosniya və Herseqovina), Viktor Yuşşenko (Ukrayna), Buyar Nişani (Albaniya), Filip Vuyanovic (Monteneqro), Recep Meydani (Albaniya), Amine Gemayel (Livan) iştirak ediblər. Bundan başqa, Belçikanın sabiq Baş naziri Yves Leterme, İordaniyanın sabiq hökumət başçısı Taher Masri, Andorranın sabiq Baş naziri Oskar Ribas Reig, Ərəb Liqasının sabiq baş katibi Amir Musa, Mərkəzin həmsədri, İsgəndəriyyə Kitabxanasının sabiq direktoru İsmail Serageldin, İslam Əməkdaşlıq Təşkilatının keçmiş baş katibi Ekmeleddin İhsanoğlu da konfransa qatılıblar.

Konfrans çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyəti üzvlərinin Ərəb Liqasının baş katibi Əhməd Əbu-Qeyt ilə görüşü olub. Görüşdə Mərkəzin İslam dünyasında fəaliyyətinin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Əhməd Əbu-Qeyt Mərkəzin dünyada sülhün və mədəniyyətlərarası dialoqun dərinləşməsinə xidmət edən təşəbbüslərini yüksək qiymətləndirib. O, növbəti il Bakıda keçiriləcək VII Qlobal Forumda iştirak edəcəyini də diqqətə çatdırıb.