Xəbərlər
“Statoil” şirkəti “Şahdəniz” layihəsindəki iştirak payını “Petronas”a satmaq niyyətindədir
Norveçin “Statoil” şirkəti “Şahdəniz” layihəsi üzrə hasilatın pay bölgüsü haqqında sazişdəki (HPBS) 15,5 faizlik iştirak payını, Cənubi Qafqaz Boru Kəmərindəki (CQBK) 15,5 faiz və CQBK holdinqdəki 15,5 faiz payını Malayziyanın Petroliam Nasional Berhad (Petronas) şirkətinə satmaq niyyətindədir.
Bu barədə məlumat “Statoil” şirkətinin rəsmi saytında yer alıb. Məlumatda bildirilir ki, satınalma əməliyyatının dəyəri 2,25 milyard ABŞ dolları həcmindədir. İki şirkət arasında müqavilənin aidiyyəti orqanların razılığı alındıqdan sonra gələn ilin əvvəlində bağlanması nəzərdə tutulur.
“Statoil”un beynəlxalq inkişaf və istehsal üzrə icraçı vitse-prezidenti Lars Kristian Beyker deyib: “Şirkət “Petronas” ilə müqavilə imzalanmasından məmnundur. Bu bizim portfeli optimallaşdırır, sənayenin inkişafının və yüksək dəyər artımının prioritet maliyyə rahatlığını gücləndirir”. O, həmçinin bildirib ki, son illərdə “Statoil” öz resurs bazasını və sənaye imkanını xeyli gücləndirib. Şirkət beynəlxalq əməliyyatların əhəmiyyətini, bu portfelin optimallaşdırma dəyərini yüksəltmək üçün maliyyə gücünü artırmaqda davam edir.
“Statoil”un cari ilin birinci yarısında “Şahdəniz” yatağından hasilatı 38 min barrel neft ekvivalentinə bərabər olub. Biz beynəlxalq portfelimizdə mühüm rol oynayan Azərbaycanla əməkdaşlığımıza sadiq qalacağıq” – deyə Lars Kristian Beyker vurğulayıb.
Qeyd edək ki, kontinental şelfində neft və qaz hasilatı üzrə 40 illik təcrübəsi olan “Statoil” dünyanın 36 ölkəsində fəaliyyət göstərən beynəlxalq enerji şirkətidir. 1974-cü ildə təsis edilmiş “Petronas” şirkəti isə Asiyada ən gəlirli ilk beş neft və qaz şirkəti sırasında yer alır.