YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP İcra katibinin müavini: «Milli şura» oktyabrın 12-də keçirdiyi «mitinqlə» yenə də gülüş hədəfinə çevrildi

«Azərbaycan demokratik ölkə kimi müəyyən siyasi qrupların öz aksiya keçirmələrinə əngəl olmur, əksinə bunun üçün imkanlar yaradıb. Hakimiyyətin indiki şəraitdə demokratik dəyərlərə nə qədər yüksək prioritet verdiyi hamı tərəfindən görünür. Çünki siyasətdə demokratik dəyərlər başlıca yerlərdən birini tutur». Bu fikirləri yap.org.az saytına açıqlamasında Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, müxalifətin radikal qanadının yenidən mitinq keçirməsi cəmiyyyəti maraqlandıran məsələ deyil. Onun fikrincə, demokratik cəmiyyətdə hansısa qurumun mitinq keçirməsi hadisə deyil, sıradan bir məlumatdır.

«Hesab edirəm ki, mitinq keçirməklə «Milli şura» deyilən qurumda toplaşan insanlar öz mövcudluqlarını göstərmək istəyirlər. Ötən prezident seçkilərində tam məğlub olaraq sıradan çıxmış bu qurum reanimasiyadan çıxaraq özünü göstərmək və mövcud olduğunu nümayiş etdirmək istəsə də, bir daha «ölü» olduğu təsdiqləndi. Oktyabrın 12-də keçirilən aksiya göstərdi ki, radikalların insanlara mitinq  çağırışları istənilən nəticəni vermədi. Çünki cəmiyyətimizin əhval-ruhiyyəsi radikalizmə qarşıdır. «Milli şura» isə cüzi adamlar toplayıb, tədbir keçirdi. Onlar sadəcə, gündəmdə qalmaq, mətbuatda hallanmaq istəyirlər. Amma xalqın mütləq əksəriyyəti quruculuq, inkişaf naminə çalışmaq istəyir. Belə bir şəraitdə mitinqlərə çağırışlar rişxənd doğurur. Çünki radikalların ölkədəki sabitliyə  ziyan vurmaq istəyi göz önündədir. Biz dəfələrlə bu çağırışları edənlərin erməni lobbisi ilə bağlı olan qurumlarla sinxron fəaliyyət göstərdiyini müşahidə etmişik, onlar milli maraqlarımıza zidd fəaliyyət göstərirlər. Ona görə də, cəmiyyətimiz bu qurumun mitinq çağırışına dəstək vermir və oktyabrın 12-də bunun bir daha şahidi olduq. «Milli şura» oktyabrın 12-də keçirdiyi «mitinqlə» yenə də gülüş hədəfinə çevrildi»- deyə, YAP İcra katibinin müavini vurğulayıb. 

DİGƏR Xəbərlər Arxiv