YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: "Star" zavodu Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır

“Türkiyənin İzmir şəhərində "Star" neft emalı zavodunun istifadəyə verilməsi Azərbaycan-Türkiyə əlaqələrində strateji əməkdaşlığın gücləndirilməsi baxımından yeni bir mərhələ kimi qiymətləndirilməlidir. Həmçinin "Star" neft emalı zavodunun açılışında Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı zavoda sərmayə qoyuluşunun əhəmiyyətinə verilən qiymət kimi xarakterizə olunmalıdır”. Bu fikirləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov deyib.

V.Bayramov bildirib ki, hər iki ölkə Prezidentinin açılış mərasimində iştirak etməsi və Azərbaycan Prezidentinin bu sərmayəni xüsusi qiymətləndirməsi "Star" neft emalı zavodunun rentabelliyi baxımından əhəmiyyətlidir. Onun səzlərinə görə, zavodun əldə edəcəyi illik gəlir və onun inşası üçün yatırılan sərmayənin həcmini müqayisə etsək, "Star" neft emalı zavodu yaxın illərdə çəkilmiş xərci qaytarmaq və müəyyən vaxtdan sonra mənfəət əldə etmək imkanına malik olacaq.

“Zavodun açılışı iqtisadi baxımdan Azərbaycan və Türkiyə üçün vacibdir. İlk öncə, burada sərmayənin iqtisadi tərəfləri var. Çünki bu zavod tərəflərin gəlir əldə etməsinə imkan verəcək. Azərbaycan Türkiyəyə ən çox sərmayə qoyan ölkələrdən biridir. Bu da Azərbaycan-Türkiyə strateji əlaqələri baxımından çox vacibdir. "Star" zavodu həm də Azərbaycan və Türkiyə üçün strateji əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Türkiyə nə qədər güclü olarsa, biz də bir o qədər güclü olacağıq. Bizim gücümüz birliyimizdədir".

"Zavoda qoyulan sərmayə Türkiyənin daha güclü olmasına yönəldilən bir töhfədir. Türkiyənin iqtisadiyyatında Azərbaycan sərmayəsinin payının artması həm də Türkiyə üçün vacibdir. Sərmayə iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə xidmət etməklə yanaşı, Türkiyənin iqtisadi təhlükəsizliyinə töhfə verir və Azərbaycanın xarici sərmayələrdən əldə edilən gəlirinin artmasına zəmin yaradır. Nəticədə tərəflər qarşılıqlı olaraq bu sərmayə qoyuluşundan faydalanmaq imkanına malikdir", - deyə, iqtisadçı-ekspert vurğulayıb.