YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın energetika naziri: Rusiya ilə yanacaq-energetika sahəsində əməkdaşlığı inkişaf etdirəcəyik

Moskvada keçirilən “Rusiya enerji həftəsi” beynəlxalq forumu dünyada gedən qlobal energetika məsələlərinə həsr olunub. Bu baxımdan, neft və qaz ölkəsi kimi bu forum bizim üçün olduqca maraqlıdır.

Bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazov söyləyib.

Nazir qeyd edib ki, forum çərçivəsində keçirilən sessiyalarda olduqca aktual məsələlər müzakirə edilir. “Azərbaycan beynəlxalq neft və qaz bazarında öz sözünü deyən bir ölkədir. Odur ki, biz forumun müzakirələrində fəal iştirak edəcək və ölkəmizin mövqeyini bildirəcəyik”, - deyə nazir qeyd edib.

Pərviz Şahbazovun sözlərinə görə, Rusiya ilə Azərbaycan arasında energetika sahəsində münasibətlər yüksək səviyyədə inkişaf edir. Neft, qaz və elektroenergetika sahələrində birgə işçi qruplar fəaliyyət göstərir. “Əlbəttə, biz Rusiya ilə yanacaq-energetika sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik. Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Soçiyə səfəri və Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı energetika sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub, neft-qaz yataqlarının birgə kəşfiyyatı və işlənilməsinə dair sənədlər imzalanıb. Forum çərçivəsində isə “Azərenerji” ASC və “Rosseti” şirkəti arasında əməkdaşlıq haqqında sənəd imzalanması planlaşdırılır”, - deyə o bildirib.

Qeyd edək ki, “Rusiya enerji həftəsi” beynəlxalq forumu Moskvada oktyabrın 3-dən 6-dək davam edəcək. Dünyanın müxtəlif ölkələrindən 10 mindən çox nümayəndənin qatıldığı forumun plenar iclasında Rusiya Prezidenti Vladimir Putin də iştirak edib.

Azərbaycanın energetika naziri beynəlxalq forum çərçivəsində Rusiyanın energetika naziri Aleksandr Novak, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatro, Monqolustanın energetika naziri Serenpiliyin Davusurenlə görüşlər keçirib. Görüşlərdə ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə olunub.