YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir

Prezident İlham Əliyev Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışarkən deyib ki, bütün beynəlxalq təşkilatlar münaqişə ilə bağlı qərar və qətnamələr qəbul ediblər: “Onların arasında əlbəttə ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini xüsusilə qeyd etmək istərdim. Bu qətnamələrdə açıq-aydın deyilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan 20 ildən çoxdur ki, bu qətnamələrə əməl etmir, onlara məhəl qoymur və beləliklə, öz işğalçılıq siyasətini davam etdirir. Əfsuslar olsun ki, beynəlxalq təşkilatlar da Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir. Hesab edirəm, bunun vaxtı gəlib çatıb ki, işğalçıya qarşı çox ciddi tədbirlər görülsün və bu, ədalətli olardı. Bu məsələ ilə bağlı biz beynəlxalq təşkilatların fəaliyyət mexanizmlərinə də fikir verməliyik. Əgər dünyanın ən ali orqanı olan BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilmirsə, onda əlbəttə ki, bu orqanın nüfuzu o qədər də yüksək səviyyədə ola bilməz. Münaqişənin həllinin bir yolu var. Ermənistan silahlı qüvvələri bizim torpaqlarımızdan çıxarılmalıdır, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və ondan sonra bölgədə sülh yarana bilər. Azərbaycanın ərazi bütövlüyü isə bütün dünya tərəfindən tanınır. Bütün ölkələr Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”.

Dövlətimizin başçısı vurğulayıb ki, bundan sonrakı dövrdə Ermənistanın yeni rəhbərliyi bu məsələ ilə bağlı öz siyasətində ciddi düzəlişlər etməlidir. Çünki bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir. Azərbaycan öz prinsipial mövqeyindən geri dönməyəcək. Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır, beynəlxalq hüquq baxımından da Azərbaycan torpağıdır. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edilməlidir.