YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yalnız Azərbaycan xalqının deyil, bütövlükdə regionun həyatında əhəmiyyətli hadisədir. Yüz il bundan əvvəl Azərbaycan xalqı parlamentini yaratmaqla demokratik prinsiplərə sadiqliyini nümayiş etdirib. Yüz il bundan əvvəl Azərbaycanda yaradılan parlament müasir parlamentarizm modeli əsasında fəaliyyət göstərirdi.

Bu sözləri Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasda çıxış edən Qırğız Respublikası parlamentinin sədri Dastanbek Cumabekov bildirib. O deyib: “Təəssüflər olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərdi. 1920-ci ildə Azərbaycan xalqı öz müstəqilliyini itirdi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə sadiq qalaraq müstəqil dövlət yarada bildi. Əlbəttə ki, Azərbaycan xalqının ümummilli lideri, uzaqgörən siyasətçi Heydər Əliyevin ölkənin müstəqilliyini qoruyub saxlamasında, inkişafında rolu əvəzsizdir. Məhz onun səyləri nəticəsində Azərbaycan dövlətçiliyi möhkəmləndirildi, ölkə inkişaf yoluna qədəm qoydu. Konstitusiya qəbul olundu, milli ideologiya formalaşdırıldı, müxtəlif sahələrdə geniş və dərin islahatlar həyata keçirildi. Həyata keçirilən bütün islahatlarda parlament də fəal rol oynayıb. Belə ki, fəaliyyətini demokratik və qanunun aliliyi prinsipləri əsasında həyata keçirən parlament tərəfindən qəbul olunan qanunlar Azərbaycanın demokratik inkişafı üçün əsaslı zəmin yaradıb”.