YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Xeyirxahlıq, humanistlik Mehriban xanım Əliyevanın həyat amalıdır

«Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətinə bir daha nəzər salsaq,  hər addımın əsasında xeyirxahlığın, humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin yüksək səviyyədə qorunduğunun şahidi olarıq. Mehriban xanım Əliyevanın «Öz həyat kitabını yazmağa ancaq sənin şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir» fikri  qazandığı uğurların, gördüyü işlərin bələdçisidir. Mehriban xanım Əliyeva  Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri də diqqətə çatdırmışdır: «Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribançılıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar.» Bu  fikirləri  Yeni Azərbaycan Partiyası  Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında söyləyib.

Vüqar Rəhimzadə bildirib ki, ulu öndər  Heydər Əliyevin  ideyalarına, Azərbaycan xalqının zəngin mədəniyyətinə, milli- mənəvi dəyərlərinə  dərindən  bağlılıq Mehriban xanım Əliyevanın  həyat amalına çevrilib, zaman-zaman daha geniş sahələri əhatə edib. Heydər Əliyev Fondunun prezidenti kimi  Ümummilli Liderin  irsinin təbliği ilə məşğul olan  Mehriban xanım Əliyeva Azərbaycan xalqının tarixinin, mədəniyyətinin xarici ölkələrdə  daha yaxından tanıdılması  sahəsində çox böyük uğurlara imza atıb.

Uğurlarımıza davamlı töhfələri ilə diqqət çəkən   Mehriban xanım  Əliyevanın xidmətlərinin miqyası ölçüyəgəlməzdir. Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar,  hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur.  Mehriban xanım Əliyevanın   xidmətləri Azərbaycanın dövlətlər, xalqlar arasında körpü roluna yeni  töhfələr verir. Onun milli-mənəvi dəyərlərimizin, tariximizin qorunması və təbliği istiqamətində atdığı addımlar Azərbaycan-YUNESKO əlaqələrinin bugünkü inkişafında,  gələn il  qurumun Ümumdünya İrs Komitəsinin növbəti 43-cü sessiyasının Bakıda keçirilməsi ilə bağlı qərarın qəbul olunmasında stimulverici amil rolunu oynamışdır. Onun səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri YUNESCO-nun müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin, Novruz bayramının, İçərişəhərin, tar ifaçılığı sənətinin YUNESKO-nun nadir, şah əsərləri siyahısına daxil edilməsi Azərbaycanla bu təşkilat arasında  əməkdaşlığın davamlılığına xidmət edən töhfələrdir.

V.Rəhimzadə xatırladıb ki, Mehriban xanım Əliyevanın yüksək təşkilatçılığı ilə ölkəmizdə «Eurovision» mahnı yarışmasının, eyni zamanda  Birinci Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının   yüksək səviyyədə keçirilməsi Azərbaycanın malik olduğu imkanların dünyaya təqdimatında əhəmiyyətli rol oynamışdır.  Məqsəd  ötən hər günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmək, həqiqətlərimizi dünya ictimaiyyətinə olduğu kimi çatdırmaqdır.

Baş redaktor Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti sırasında Milli Məclisin deputatı olarkən  gördüyü işlərdən, qazandığı seçici etimadından da geniş bəhs edib. Bildirib ki,  sözü ilə əməli bir olan, verdiyi vədləri layiqincə yerinə yetirən, mühüm problemlərin həllinə yüksək səviyyədə  nail olan  Mehriban xanım  Əliyevanın gördüyü işlər  insanlarda böyük ruh yüksəkliyi yaradıb.   

V.Rəhimzadə vurğulayıb ki, Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən prinsiplərin dəyişməzliyi onun uğurlarının müşaiyətçisidir. Mehriban xanım Əliyevanın özünün də vurğuladığı kimi, insanın malik olduğu imkanlar, eyni zamanda, Allah Təalanın köməkliyi yüksək nəticələrin əldə olunmasına, qarşıya qoyulan məqsədlərə nail olmağa  yol açır: «Mehriban xanım Əliyevanın aldığı mükafatlar, fəxri adlar onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğuna əyani sübutdur. Ən böyük mükafat isə xalqın sevgisidir. Dövlətimizin başçısı İlham Əliyev Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti kimi təqdim edərkən bildirib: «Bax, bu, çoxşaxəli fəaliyyət və eyni zamanda, uğurlu fəaliyyət mənim bu qərarı qəbul etməyimdə əsas rol oynamışdır. Eyni zamanda, qeyd etməliyəm ki, Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial, çox xeyirxah bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır.» Ölkə Prezidentinin bu etimadını yüksək dəyərləndirən Mehriban xanım Əliyeva «Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam» vədini verməklə, istər bu günədək  Heydər Əliyev Fondunun prezidenti, istərsə də son bir ildən artıq dövr ərzində Azərbaycanın Birinci vitse-prezidenti kimi  bütün fəaliyyətini məhz bu prinsiplər üzərində qurub.»