YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: İlin sonuna qədər 4 min köçkün ailəsi yeni mənzillərlə təmin ediləcək

Dövlətimizin sosial siyasəti uğurla aparılır. Görülmüş işlər bunun bariz nümunəsidir. Dediyim rəqəmlər onu göstərir ki, dövlət həmişə sizin yanınızdadır. Eyni zamanda, müharibədən, işğaldan əziyyət çəkən bizim köçkün, qaçqın soydaşlarımız var. Onlar da dövlət tərəfindən qayğı ilə əhatə olunurlar. Son illərdə 100-ə yaxın qəsəbə salınıb. Üç yüz minə yaxın köçkün evlərlə, mənzillərlə təmin edilib. Bu siyasət davam etdirilir. Bu il Qaradağ rayonunun Qobu qəsəbəsində min mənzillik yeni köçkün qəsəbəsi salınmışdır. Orada da bütün infrastruktur, məktəb, bütün lazımi məsələlər öz həllini tapıb. İlin sonuna qədər isə 4 min köçkün ailəsi, təqribən 20 min insan yeni mənzillərlə təmin ediləcək. Yəni, biz ancaq bu layihələri nəzərə alsaq görərik ki, nə qədər böyük qayğı göstərilir və bu məqsədlərə çatmaq üçün dövlət nə qədər vəsait xərcləyir.

Bu fikirləri Prezident İlham Əliyev Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində deyib.

“Bu siyasət davam etdiriləcək. Sosial siyasət Azərbaycanda prioritet məsələlərdən biridir. Mən dəfələrlə demişəm ki, bizim bütün işlərimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Xüsusilə, sosial cəhətdən az müdafiə olunan vətəndaşlar, işğaldan əziyyət çəkmiş, əlil olmuş, yaxınlarını itirmiş insanlar, onların yaşayışı, məşğulluğu, həyat səviyyəsi bizim üçün prioritet məsələdir. Biz imkan daxilində bu məsələləri həll edirik. Deyə bilərəm ki, işğaldan və etnik təmizləmədən əziyyət çəkmiş dövlətlər arasında Azərbaycanda bu sahədə görülən işlər ən yüksək səviyyədədir”,- deyə dövlətimizin başçısı vurğulayıb.