YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türkiyənin xarici işlər naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iyulun 24-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Mövlud Çavuşoğlu Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən nazirə Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha sonra Türkiyənin xarici işlər naziri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoyub, şəhidlik kitabəsinin üstünə gül dəstələri düzüb.

Jurnalistlərə müsahibəsində Mövlud Çavuşoğlu Türkiyədə yeni hökumətin qurulmasından sonra ənənəvi olaraq ilk xarici səfərini Azərbaycana etdiyini söyləyib. O, Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra ilk xarici səfərini bir neçə gün öncə Azərbaycana etdiyini xatırladıb və bunun önəmini qeyd edib. Mövlud Çavuşoğlu Türkiyənin parlament sədrinin və milli müdafiə nazirinin Azərbaycana səfərlərinin gözlənildiyini söyləyib. Nazir Azərbaycana səfəri zamanı ölkələrimiz arasında münasibətlərə dair müzakirələrin aparılacağını vurğulayıb.