YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Quliyev: Azərbaycan güclü dövlətdir və məkrli planların reallaşmasına imkan verilməyəcək

«İyulun 10-da  Gəncə Şəhər İcra Hakimiyyətinin binası qarşısında ekstremist dini radikal təmayüllü şəxslərin  qanunsuz aksiyanın qarşısının alınması zamanı Gəncədə 2 yüksək rütbəli polis zabiti şəhid olub. Yüksək rütbəli zabitlərin həlak olması və Gəncədə keçirilən qeyri-qanuni aksiya bütün Azərbaycan xalqı tərəfindən pislənilir və lənətlənir. Bu hərəkətləri törədənlər, təşkilatçılar, onların arxasında dayanan qüvvələr, müxtəlif sosial şəbəkələrdə və saytlarda çağırışlar edənlər hamısı aşkar olunmalı və cəzalandırılmalıdır». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

M.Quliyev bildirib ki, bu hadisə təkcə Gəncəyə deyil, Azərbaycan dövlətçiliyinə vurulan bir  zərbədir. Onun sözlərinə görə, bu, Azərbaycanı güclü dövlət kimi və  inkişafını görmək istəməyən qüvvələrin məkirli niyyətinin Gəncədə təzahürüdür.

«Hesab edirəm ki, dünənki hadisələrdə Gəncə sakinlərinin bu  zorakılıq aksiyasına qarşı çıxması, heç bir dəstək verməməsi və pisləməsi bir daha onu göstərdi ki, bütün Azərbaycan xalqı və Gəncə sakinləri bu qanunazidd dini radikalizmi  pisləyir, bunu törədənlərə ən ağır cəzaların verilməsini tələb edir. Azərbaycandakı bütün siyasi qüvvələr, partiyalar, qeyri-hökumət təşkilatları, dini qurumlar öz rəsmi mövqeyini ortaya qoymalı  və dövlətçiliyi dəstəkləməlidir. Şübhəsiz ki, Azərbaycan dövləti güclüdür. Belə niyyətli qüvvələrin  heç vaxt Azərbaycanda öz məqsədlərinə çatmasına dövlətimiz və xalqımız imkan verməyəcək. Amma ölkədə  sabitliyi pozmaq, insanları xof və qorxu altında saxlamaq istəyən və bu niyyətdə olan başqa qüvvələrin də olması istisna deyil. Hesab edirəm ki, qısa müddət  ərzində hüquq-mühafizə orqanlarımız bütün bu işin təşkilatçılarını, günahkarlarını, iştirakçılarını aşkara çıxaracaq. Düşünürəm ki, sosial şəbəkələrdə, saytlarda bu məsələ ilə bağlı “fəallıq” göstərən, çağırışlar edən hər kəsin  məsuliyyəti ortaya qoyulmalıdır. Əgər lazım gələrsə, həmin saytlar və sosial şəbəkələr nəzarət altına götürülməlidir. Öncə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdin törədilməsi və həmin hadisənin ardınca belə bir qeyri-qanuni aksiyanın törədilməsi və hadisə nəticəsində 2 yüksək vəzifəli polis zabitinin şəhid olması bizi daha da ayıq-sayıq olmağa çağırır»-deyə, M.Quliyev vurğulayıb.

Deputat qeyd edib  ki, dünənki qeyri-qanuni aksiyada iştirak edənlər Gəncə sakinləri deyil: «Bu hadisə heç şübhəsiz ki, əvvəlcədən hazırlanmış, təşkil olunmuş və düşünülmüş bir hərəkətdir. Hazırda hadisə ilə bağlı istintaq aparılır. Yəqin ki, qısa zaman kəsiyində istintaqın nəticələri elan olunacaq.  Bu hadisənin Gəncə sakinlərinin adına yazmaq və bağlamaq böyük günah olar.  Burada müxtəlif düşərgələrdə təlim keçmiş və radikal yönümlü, ölkənin sabitliyini pozmaq və iğtişaş törətmək istəyən şəxslər iştirak ediblər. Amma onların heç birinin Gəncəyə və Azərbaycana aidiyyatı yoxdur».