YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bəxtiyar Sadıqov: Son 15 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır

«Son 15 il bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da möhtəşəm uğurlarla əlamətdardır. Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü iqtisadiyyatına və modern ordusuna sahibdir». Bu fikirləri yap.org.az saytına müsahibəsində «Azərbaycan» qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov deyib.

B.Sadıqov bildirib ki, hazırda dünya hərb sənayesinin ən son yenilikləri olan silah-sursat Azərbaycan Ordusunun arsenalında yer alır. İki həftə əvvəl dövlət başçısının baxış keçirdiyi “Polonez” və “Lora” əməliyyat-taktiki raket kompleksləri dünyada cəmi bir neçə orduda var. Son vaxtlara qədər “İsgəndər”lə öyünən ermənilər indi dərin təlaş keçirirlər. Ali Baş Komandan, Prezident İlham Əliyev Silahlı Qüvvələrdə irimiqyaslı köklü islahatların keçirilməsi, ordunun ən müasir, yüksək dəqiqlikli və böyük dağıdıcı gücə malik olan silah və hərbi texnika ilə təchizatı vəzifəsini qarşıya qoyub. Bu vəzifənin icra edilməsi çərçivəsində cəmi 3-4 il ərzində ordunun zirehli döyüş texnikası parkı böyük ölçüdə yenilənib.

«Hazırda Azərbaycan Ordusunun raket-artilleriya qoşunlarının silahlanmasında yer alan artilleriya qurğuları, reaktiv artilleriya sistemləri o qədər çoxsaylıdır ki, onlardan eyni vaxtda bir yaylım atəşi açılsa, düşmənin bütün mövqeləri darmadağın olardı. Bütün bunlar hər birimizdə dərin qürur hissi doğurur. Ordunun mühüm şərtlərindən biri Ali Baş Komandanın özünün Silahlı Qüvvələrə bağlı olması, hərbi işi dərindən bilməyi və daim ordunun problemləri ilə yaşayıb, onları uğurla həll etməyi bacarmasıdır. Bu sahədə də Azərbaycan Ordusunun bəxti gətirib. Cənab İlham Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə olur, əsgərlərlə görüşür, onları təltif edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər yeməyi yeyir. Bunlar həm orduda böyük ruh yüksəkliyi doğurur, həm də onun daxilində olan məsələləri öyrənib problemlərin dərhal həll olunmasına şərait yaradır. Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti özünün yüksək səviyyədə həllini tapmışdır!»-deyə, B.Sadıqov vurğulayıb.