YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Ordumuzun yüksək döyüş qabiliyyəti və vətənpərvərlik əhval ruhiyyəsi hazırki vəziyyətdə Azərbaycanın üstünlüyünü diqtə edən əsas amillərdir

"Azərbaycan Ordusunun 100 illiyi münasibətilə təşkil olunmuş parad, əslində ölkəmizdə həyata keçirilən ordu quruçuluğu işinin necə yüksək səviyyədə təşkil olunmasının əyani nümayişi idi". Bu fikri Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.

Millət vəkilinin sözlərinə görə, hər bir azərbaycanlı dərk edir ki, hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz milli ordumuzdur. Ona görə də Ali Baş Komandanımız, Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycan işğalla heç vaxt barışmayacaq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir və bərpa edəcək. Bunun üçün güclü ordu yaratmalı idik: "Bu gün tam əminliklə deyə bilərəm ki, buna nail ola bilmişik. Hazırda Ordumuzun belə güclü olması, ən müasir silahlarla təhciz edilməsi, döyüş tapşırıqlarını qüsursuz yerinə yetirə bilməsi hərbi-siyasi reallıqdır. Bu reallıq bizdə qürur və fəxarət yaratdığı kimi işğalçı Ermənistanda da qorxu və vahimə yaradır".

Hikmət Babaoğlu deyib ki, təsadüfi deyil ki, Ali Baş Komandanımızın çıxışından dərhal sonra işğalçı Ermənistan mətbuatı bu çıxışda səsləndirilən hər bir fikri ayrı-ayrılıqda təhlil etməyə başladı. Ancaq düşmənin məsələyə münasibəti reallığı dəyişmir. Azərbaycan ordusu bir - birinin ardınca elə qələbələrə imza atır ki, bu ciddi uğurlar problemin həllində yeni mərhələ yaradacaq keyfiyyət dəyişiklikləri formalaşdırır. Millət vəkilin fikrincə, aprel döyüşlərilə başlayan bu yeni mərhələ Günnüt kəndinin və ətraf yüksəkliklərin işğaldan azad edilməsilə davam edir. "Biz addım-addım məqsədlərimizə doğru irəliləyirik. Hazırki hərbi vəziyyəti təsvir edən Prezident İlham Əliyev bildirdi ki, düşmən bilməlidir ki, onun bir dənə də olsun hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin. Düşmənin bütün hərbi obyektləri, bütün strateji əhəmiyyətli məntəqələri Azərbaycan Ordusu tərəfindən məhv edilə bilər", - deyən baş redaktor əlavə edib ki, paradda nümayiş etdirilən yaxud etdirilməyən silah və sursatlarımız, ordumuzun yüksək döyüş qabiliyyəti və vətənpərvərlik əhval ruhiyyəsi hazırki vəziyyətdə Azərbaycanın üstünlüyünü diqtə edən əsas amillərdir. Üstəlik ölkəmizin iqtisadi inkişafı, öz hərbi texniki tələbatını ödəmək üçün yaratdığı hərbi sənaye müəssisələrinin olması, bu müəssisələrdə 120 adda müxtəlif təyinatlı silahların istehsal edilməsi, hətta bunların bir qisminin xaricə ixrac edilməsi hərbi sənaye kompleksimizin və ordumuzun nə qədər güclü olduğunu bir daha sübut edir: "Ona görə də regionumumuzda və dünyada beynəlxaq hərbi-siyasi şərtlər də uyğun olan kimi Azərbaycan ordusu bircə həmlədə ərazi bütövlüyümüzü bərpa edəcək. Şübhəsizi ki, paralel olaraq Azərbaycan diplomatiyası və xarici siyasət institutları da bu şərtlərin lehimizə olması üçün lazımi işlər həyata keçirməkdə davam edir".