YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Düşənbədə MDB Hökumət Başçıları Şurasının iclası keçirilib

İyunun 1-də Tacikistanın paytaxtı Düşənbə şəhərində Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclası keçirilib.

Tacikistanın Baş naziri Koxir Rasulzodanın sədrliyi ilə keçən iclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Yığıncaq ənənəvi olaraq iki formatda keçirilib. Məhdud tərkibdə nümayəndə heyətlərinin rəhbərləri iqtisadi sahədə əməkdaşlığın aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, azad ticarət xidmətləri haqqında saziş layihəsini müzakirə ediblər.

Şuranın geniş tərkibli iclasında MDB ölkələri arasında siyasi, iqtisadi, mədəni-humanitar və digər sahələrdə əlaqələrin dərinləşdirilməsi istiqamətində bir sıra məsələlər diqqət mərkəzində olub.

Tədbirdə energetikanın innovasiya sahəsində inkişaf və qabaqcıl energetika texnologiyalarının işlənib hazırlanması konsepsiyası və onun həyata keçirilməsi üzrə zəruri tədbirlər planı, MDB ölkələrində intellektual mülkiyyət bazarının formalaşdırılması və inkişafı haqqında saziş imzalanıb.

Bundan əlavə, elektron və elektrotexnika avadanlıqlarının tullantılarından istifadə, standartlaşdırma üzrə dövlətlərarası sənədlərin yayılması, gömrük və innovasiya üzrə sənədlərə baxılıb. 2025-ci ilə qədər bu ölkələrdə quduzluğun profilaktikası və bununla mübarizə sahəsində birgə fəaliyyət kompleksi də qəbul edilib.

Yığıncaqda MDB ölkələri müəllimlərinin və təhsil işçilərinin qurultayı haqqında Əsasnamə və “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi də müzakirə olunub.

Nümayəndə heyətləri maliyyə və kadr məsələlərinə də baxıblar. Ümumiyyətlə, yığıncaqda 14 sənəd müzakirə edilib, bunlarım 13-ü imzalanıb.

Şuranın növbəti iclası bu ilin noyabrında Astanada keçiriləcək.

Xatırladırıq ki, Tacikistan 2018-ci il yanvarın 1-dən MDB-yə sədrlik edir.