YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Xalq Cümhuriyyətinin qurucuları müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsinə nail olublar

«Dövlətimizin başçısı tərəfindən bu ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisidir.  Müsəlman Şərqində və türk dünyasında ilk demokratik respublikanı yaratmaqla xalqımız sahib olduğu dövlətçilik ənənələrini bir daha təsdiqləyib». Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu gün ölkəmiz Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi kimi demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Onun sözlərinə görə, görülmüş işlər fonunda qadın hüquqlarının qorunması məsələsi də öz aktuallığını saxlayır.

«Bu gün qadınların göstərdiyi fəallıq bir tərəfdən çoxəsrlik tarixə söykənən zəngin ənənələrlə bağlıdırsa, digər tərəfdən dövlətin qadın siyasəti və yaradılan şəraitlə bağlıdır. Müasir qadın hərəkatının yeni prioriteti qadınların kişilərlə bərabər imkanlara nail olmasıdır. Azərbaycan xalqının liderləri ölkənin ictimai-siyasi həyatında qadınların rolunu düzgün qiymətləndirib. Bunun nəticəsi olaraq, Xalq Cümhuriyyətinin qurucuları müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququnun verilməsinə nail olublar. Halbuki həmin dövrdə seçki sahəsində gender bərabərliyi prinsipi nəinki müsəlman Şərqində, hətta Avropa dövlətlərinin əksəriyyətində hələ öz həllini tapmamışdı. Təsadüfi deyildi ki, 1918-1920-ci illərdə Azərbaycanda işləyən qadınların sayı artaraq kişilərlə bərabərləşmişdi. Həmin dövrdə qadınlar yalnız kənd təsərrüfatında, fabrik və zavodlarda deyil, həm də parlament və hökumət aparatında mühüm vəzifələrdə işləyirdilər. Müasir dövrdə ölkəmizdə dövlət qadın siyasətinin əsas prinsiplərinin müəyyən edilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər istər sovet hakimiyyəti, istərsə də müstəqillik dövründə milli qadın hərəkatının formalaşması, genişlənərək institutlaşması üçün mühüm işlər görüb. Sonrakı illərdə isə bu siyasət Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib»-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.