YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin yekunları ilə əlaqədar Moskvada kataloq nəşr edilib

Heydər Əliyev Mərkəzində Azərbaycan xalqının Ümummilli Liderinin 95 illik yubileyi münasibətilə keçirilmiş “Heydər Əliyev: Şəxsiyyət, Missiya, İrs” tarixi-sənədli sərgisinin yekunlarına dair hazırlanmış kataloq Moskvada nəşr edilib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Rusiya Federasiyası Prezidentinin Administrasiyası və Heydər Əliyev Fondunun dəstəyi ilə təşkil olunan sərgi altı bölmədən ibarət idi. Sərgidə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 300-dən çox eksponat – fotolar, sənədlər və videomateriallar nümayiş olunurdu.

Kataloqda sərgidə nümayiş etdirilən fotoşəkillər və sənədlər toplanıb, hər bir eksponat Azərbaycan və rus dillərində şərhlərlə müşayiət olunur.

Nəşrə ön sözdə qeyd olunur ki, Heydər Əliyevin bioqrafları, müasirləri və həmkarlarının yekdil rəyinə görə, Ulu Öndərin başlıca keyfiyyəti Vətəninə və xalqına sonsuz sevgisi idi. Ümummilli Liderin siyasi müdrikliyi və uzaqgörənliyi, ən mürəkkəb məsələlərin mahiyyətinə varmaq bacarığı, böyük təşkilatçılıq istedadı ona həmvətənləri arasında və xaricdə yüksək nüfuz qazandırıb. Son dərəcə mürəkkəb tarixi dövrdə müstəqil Azərbaycana rəhbərlik edən Heydər Əliyev Azərbaycan cəmiyyətinin birləşdirilməsi üçün çox işlər görüb, xalqın həqiqi liderinə çevrilib. Heydər Əliyev Azərbaycanın uğurlu inkişafının mühüm şərtlərindən birini Rusiya ilə dostluq, mehriban qonşuluq əlaqələri yaradılmasında, qarşılıqlı faydalı əməkdaşlığı və ölkələrimiz arasında konstruktiv tərəfdaşlığı möhkəmlətməkdə görürdü.

Kataloqda Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi, Azərbaycan Milli Arxiv İdarəsi, Azərbaycan Dövlət İnformasiya Agentliyi – AZƏRTAC, Naxçıvan Muxtar Respublikası Arxiv İdarəsi, Rusiya Prezidentinin mətbuat xidməti, Rusiya Prezidenti Arxivi, Rusiya Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyinin, Dövlət Arxivinin və digər qurumların təqdim etdiyi sənədlər və fotoşəkillər əksini tapıb.