YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Madriddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbul təşkil edilib

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi tərəfindən mayın 22-də Madriddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş təntənəli qəbul keçirilib.

Mərasimdə İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin nümayəndələri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, yerli kütləvi informasiya vasitələrinin, ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Təntənəli mərasimdə əvvəlcə İspaniyanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov 1918-ci il 28 may tarixində müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edildiyini, Azərbaycanda həmin dövr üçün mütərəqqi hesab olunan dövlət institutlarının, çoxpartiyalı sistemin, plüralist parlamentin, etnik mənsubiyyətindən, cinsindən, dinindən və sosial vəziyyətindən asılı olmayaraq vətəndaşların bərabər hüquqlara malik olduğunu qeyd edib. Səfir Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu dövr ərzində əldə edilən nailiyyətlərdən geniş bəhs edərək, dövlət quruculuğu sahəsində həyata keçirilmiş tədbirlərin, Azərbaycan Milli Ordusunun yaradılmasının, Azərbaycan dilinin rəsmi dövlət dili elan edilməsinin, ölkənin himninin, bayrağının və gerbinin təsis edilməsinin Azərbaycan tarixində yeni şərəfli səhifə açdığını bildirib. Səfir, eyni zamanda, gənc demokratik respublikanın bir sıra dövlətlərlə diplomatik əlaqələr qurması barədə tədbir iştirakçılarını məlumatlandırıb.

A.Məhərrəmov Azərbaycan Respublikasının 1991-ci ildə öz müstəqilliyini bərpa edərkən Azərbaycan Xalq Cümhuriyyətinin demokratik ənənələrinə sadiq qaldığını, özünü Cümhuriyyətin siyasi və mənəvi varisi elan etdiyini bildirib. Səfir qeyd edib ki, müstəqilliyinin ilk illərində ölkə çətin vəziyyətlə üzləşib, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin nəticəsi kimi Azərbaycan Respublikası ərazisinin 20 faizi işğal olunub və 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. A.Məhərrəmov bu ağır dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin 1993-cü ilin iyun ayının 15-də yenidən hakimiyyətə qayıtdığını və bununla da, ölkə tarixində yeni parlaq dövrün başlanğıcının qoyulduğunu vurğulayıb.

Səfir xüsusi olaraq qeyd edib ki, müasir Azərbaycanın əldə etdiyi tərəqqi məhz həyatının böyük hissəsini öz xalqına həsr etmiş Heydər Əliyevin adı ilə bağlıdır. Siyasi sabitlik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə atəşkəsin əldə edilməsi (1994), 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması, ölkənin mötəbər beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrilməsi, bütün sahələrdə əsaslı islahatların həyata keçirilməsi məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti, zəngin dövlətçilik təcrübəsi və qətiyyəti sayəsində mümkün olub. Azərbaycan xalqı Heydər Əliyev tərəfindən görülmüş işləri layiqincə qiymətləndirərək, onu xalqın Ümummilli Lideri kimi əbədiləşdirib.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi kursu bu gün dövlətimizin başçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində Azərbaycan regionda lider ölkəyə çevrilib.

Diplomat çıxışında Azərbaycan Respublikasının təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinə toxunub, ölkədə iqtisadiyyatın şaxələndirilməsi, turizmin təşviqi, habelə ölkəmizin birinci Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası, İslam Həmrəyliyi Oyunları, Bakı Beynəlxalq Humanitar Forumu, Formula 1 Azərbaycan Qran-Pri-si kimi mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsindən ətraflı bəhs edib. Səfir TAP, TANAP layihələri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması, “ASAN xidmət” vasitəsilə elektron şəkildə vizaların qısa müddət ərzində əldə edilməsi barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. “Qeyd olunmalıdır ki, sadalanan bütün nailiyyətlər dövlətimizin başçısı İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. 2018-ci il aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərində dövlətimizin başçısı İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı. Azərbaycan xalqı növbəti dəfə sabitlik, tərəqqi, rifah və dinamik inkişafa səs verdi”, - deyə diplomat vurğulayıb.

İspaniya-Azərbaycan əlaqələrinə toxunan səfir iki ölkə arasında dostluq münasibətlərinin uğurla davam etdirildiyini diqqətə çatdırıb. Vurğulayıb ki, İspaniya və Azərbaycan qarşılıqlı olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir, bir çox məsələlərdə hər iki ölkənin mövqeyi üst-üstə düşür. İspaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini açıq şəkildə dəstəkləyir və münaqişənin beynəlxalq hüququn hamılıqla tanınmış norma və prinsiplərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. 2005-ci ildə Azərbaycanın İspaniyada səfirliyinin açılmasının ikitərəfli əlaqələrin inkişafına təkan verdiyini deyən A.Məhərrəmov 2017-ci ildə ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinin qeyd edildiyini vurğulayıb.

Daha sonra çıxış edən İspaniya Krallığının Xarici İşlər və Əməkdaşlıq Nazirliyinin beynəlxalq iqtisadi əlaqələr idarəsinin baş direktoru Kristina Serrano Leal müsəlman Şərqində ilk olaraq Azərbaycan Xalq Cümhuriyyətində qadınların seçki hüququnun təmin edildiyini, müstəqil demokratik respublikada bir çox sahələrdə mütərəqqi islahatların həyata keçirildiyini vurğulayıb.

K.Serrano Leal İspaniya ilə Azərbaycan arasında bir sıra sahələrdə sazişlərin imzalanmasının, 2014-cü ildə İspaniyanın Azərbaycanda diplomatik nümayəndəliyinin açılmasının hər iki ölkə arasında əlaqələrin yüksələn xətt üzrə inkişafından xəbər verdiyini diqqətə çatdırıb, ikitərəfli əməkdaşlığın daha da genişlənməsinə, habelə yaxın gələcəkdə İspaniyanın Azərbaycanda səfirliyinin açılmasına ümidvar olduğunu bildirib.

K.Serrano Leal iki ölkə arasında mövcud olan dostluq əlaqələrinin bu gün yüksələn xətlə inkişaf etdiyini deyib, bunun dövlət başçılarının iradələri və iki ölkə xalqının istəyi nəticəsində əldə olunduğunu vurğulayıb.

K.Serrano Leal bir daha bu əlamətdar hadisə münasibətilə İspaniya tərəfinin səmimi təbriklərini çatdırıb, Azərbaycan dövləti və xalqına rifah, inkişaf və tərəqqi arzu edib.

Daha sonra Azərbaycanın Xalq Artisti Zabit Nəbizadənin başçılıq etdiyi musiqi heyəti tərəfindən ifa edilmiş “Qarabağ şikəstəsi” və “Sarı gəlin” xalq mahnıları, həmçinin İspaniyanın Kraliça Sofiya Ali Musiqi Məktəbində təhsil alan həmyerlimiz Kamran Ömərli tərəfindən skripkada səsləndirilən Qara Qarayevin “İldırımlı yollarla” baletindən və Corc Bizenin “Karmen” operasından musiqi parçaları tədbir iştirakçıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

Sonda tədbir iştirakçıları səfirlik tərəfindən nəşr etdirilən İspaniyanın nüfuzlu “Diplomacia Siglo XXI” (Diplomatiya XXI əsr) jurnalının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş xüsusi buraxılışının təqdimatı və bu məqsədlə çap etdirilən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə ithaf edilmiş xüsusi poçt markalarının nümayişi keçirilib.

Daha sonra tədbir iştirakçıları Azərbaycan milli mətbəxinin ən gözəl təamlarından dadıb, ölkəmizin tarixini və milli adətlərini özündə əks etdirən guşəyə baxıblar. Tədbirin keçirildiyi məkanda qədim və müasir Azərbaycanı özündə əks etdirən fotosərgi nümayiş etdirilib.

 

DİGƏR Xəbərlər Arxiv