YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ Konqresi və “Heritage” fondunda Trans-Xəzər regionu müzakirə olunub

Vaşinqtonda 3-cü Trans-Xəzər Forumu çərçivəsində ABŞ Konqresində brifinq və nüfuzlu “Heritage” fondunda analitik müzakirələr təşkil edilib.

ABŞ Konqresində “Trans-Xəzər regionun geostrateji əhəmiyyəti və perspektivlər” mövzusunda keçirilən panel müzakirələrin açılışında çıxış edən Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutunun sədri və bu region üzrə ABŞ-ın ən tanınmış ekspertlərindən biri olan professor Fred Star region ölkələrinin əməkdaşlıq vasitəsilə birgə işlər görməsini təqdir edib və bu xüsusda, həmin ölkələr tərəfindən əldə edilmiş nailiyyətlərin ABŞ ictimaiyyətinə çatdırılması baxımından forum çərçivəsində növbəti dəfə Konqresdə belə bir müzakirələrin aparılmasının əlamətdar hadisə olduğunu qeyd edib. O, dünya okeanına birbaşa çıxışı olmayan əksər Trans-Xəzər dəhlizi dövlətlərinin iqtisadi inkişafının davamlılığının təmin olunması üçün region ölkələrinin bir-biri ilə sıx əməkdaşlığının vacibliyinə toxunub, bunun üçün regional əlaqələr və ticarətin artırılmasının xüsusi önəmini diqqətə çatdırıb.

Daha sonra professor Starın moderatorluğu ilə kəçən panel müzakirələrində Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin və Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Qenadi Arveladze çıxış edərək, regionun strateji əhəmiyyəti və rəqabətliliyini vurğulayıb, Azərbaycan və digər ölkələr tərəfindən həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, qeyd edilən dəhliz boyu ticarət və tranzit imkanları, onun üstünlükləri barədə tədbir iştirakçılarına məlumat veriblər. E.Vəlizadə çıxışında, həmçinin Azərbaycanda ticarət, nəqliyyat və tranzit sahəsində dövlət siyasəti, mövcud və tikilməkdə olan nəqliyyat və neft-qaz layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin açılışı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Cənub Qaz Dəhlizi barədə danışıb. O, eləcə də Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması sahəsində son dövrlər həyata keçirilən kompleks islahatlar və bu istiqamətdə ABŞ şirkətləri üçün yaranmış yeni əməkdaşlıq imkanları haqqında bəhs edib.

Trans-Xəzər Forumunun növbəti tədbiri ABŞ-ın hazırda ən nüfuzlu analitik mərkəzlərindən sayılan “Heritage” fondunda baş tutub. Fondun xarici siyasət üzrə direktoru Lük Kofinin aparıcılığı ilə “ABŞ-ın Trans-Xəzər regionu ilə əməkdaşlığında yeni çağırışlar və perspektivlər” mövzusunda keçirilən “dəyirmi masa” müzakirəsində tanınmış amerikan diplomatı, Xəzər Siyasət Mərkəzinin İdarə Heyətinin üzvü səfir Riçard Hoqland çıxış edərək, Birləşmiş Ştatların bölgədə əməkdaşlığı inkişaf etdirməkdə daha güclü rol oynaması üçün vaxtın yetişdiyini və bu xüsusda, ABŞ-ın Trans-Xəzər regionu ilə əməkdaşlığının gücləndirilməsi üçün növbəti addımları barədə tövsiyələrini bölüşüb. O, Cənubi Qafqaz və Mərkəzi Asiya dövlətləri müstəqillik əldə etdikdən 25 il sonra öz infrastrukturlarını, iqtisadiyyatlarını və xalqlararası əlaqələrini daha da gücləndirmək üçün öz aralarındakı əməkdaşlığı inkişaf etdirməyə və bununla da müstəqilliklərini daha da gücləndirməyə çalışdıqlarını və bu kontekstdə, qlobal arenada Rusiya və Çin kimi böyük oyunçulara marağın çoxaldığı bir vaxtda ABŞ-ın regionla daha sıx əməkdaşlıq etməli olduğunun əhəmiyyətini vurğulayıb. R.Hoqland ABŞ-ın region ölkələri ilə əməkdaşlığının və ticarətin gücləndirilməsi üçün Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi, Lapis-Lazuli nəqliyyat marşrutu və “C5 + 1” kimi mühüm birgə layihələrin həyata keçirildiyini və onların Trans-Xəzər dəhlizinin inkişafında önəmli rol oynadıqlarını diqqətə çatdırıb.

Öz növbəsində səfir Elin Süleymanov Azərbaycan tərəfinin təşəbbüsü və aparıcı rolu ilə 2016-cı ildən bəri Vaşinqtonda keçirilən Trans-Xəzər Forumunun ABŞ və region ölkələri arasında yeni əməkdaşlıq imkanlarının təşviqi baxımından vacib platformaya çevrildiyini qeyd edib. O, Çindən Avropaya daşınan yüklərin ölkəmizin yerləşdiyi regiondan keçən nəqliyyat dəhlizlərinə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib və bu xüsusda, Azərbaycan, Gürcüstan və Türkiyə arasında mövcud strateji əməkdaşlığı vurğulayıb. Regionun digər ölkələri üçün örnək olduğunu deyən diplomat, bunun könüllü surətdə və heç kimin təsiri olmadan baş verdiyini, hər üç ölkənin və xalqın maraqlarına və rifahına xidmət etdiyini bildirib.

Müzakirələr zamanı, həmçinin Dövlət Neft Şirkətinin vitse-prezidenti Elşad Nəsirov ölkəmizin enerji siyasəti və Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən qlobal əhəmiyyətli layihələrdən, o cümlədən Cənub Qaz Dəhlizindən danışıb və onun regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmini vurğulayıb. O, eləcə də gələn ay Avropanın enerji diversifikasiyası və təhlükəsizliyində xüsusi rol oynayacaq Cənub Qaz Dəhlizinin Trans-Anadolu qaz boru kəməri hissəsinin açılış mərasiminin keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, forum Azərbaycan, Əfqanıstan, Gürcüstan, Qazaxıstan, Türkiyə, Özbəkistan və Türkmənistanın ABŞ-dakı səfirliklərinin dəstəyi ilə keçirilir. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, “Boeing”, “Chevron”, “Schneider Group”, “Caspian Foundation”, ABŞ-Azərbaycan Ticarət Palatası, Amerika Xarici Siyasət Şurası nəzdində Mərkəzi Asiya və Qafqaz İnstitutu, ABŞ-Gürcüstan Biznes Şurası, Amerikanın Azərbaycanda Ticarət Palatası, Amerikanın Gürcüstanda Ticarət Palatası, Amerikanın Qazaxıstanda Ticarət Palatası, ABŞ-Qazaxıstan Biznes Assosiasiyası, ABŞ-Türkiyə Şurası Forumun tərəfdaşlarıdır. “Boeing”, “Chevron”, “Schneider Group” və “Caspian Foundation” şirkətləri builki forumun sponsorlarıdır.

Forumda Azərbaycanı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, SOCAR, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Azərkosmos”, “Azərbaycan Hava Yolları” QSC, “Silk Way” və “Azərsun Holding”in nümayəndələri təmsil edir. Eyni zamanda, foruma Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) tərəfindən Vaşinqtona səfəri həyata keçirilmiş missiyanın üzvləri də qatılıb.

Trans-Xəzər Forumu çərçivəsində baxılan mövzular sosial mediada da böyük marağa səbəb olub və geniş şəkildə işıqlandırılıb.