YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: İƏT-in 45-ci sessiyasında Azərbaycanla bağlı mühüm qətnamələrin qəbulu diplomatiyamızın növbəti uğurudur

"İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Dəkkə şəhərində keçirilən 45-ci sessiyasında ölkəmizlə bağlı bir sıra mühüm qərarların, o cümlədən Ermənistanın Azərbaycana qarşı təcavüzünə və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələrin qəbul olunması Azərbaycan diplomatiyasının növbəti uğurudur". Bunu Milli Məclisin deputatı Sahibə Qafarova deyib. Azərbaycanın zəngin, qədim multikultural ənənələrə malik ölkə olduğunu, bu gün dünyada dinlər və mədəniyyətlər arasında dialoqun təşviqi, multikultural dəyərlərin qorunması və inkişafı istiqamətində mühüm təşəbbüslərə imza atdığını xatırladan millət vəkilinin sözlərinə görə, Azərbaycan İslam aləmində də böyük nüfuza malikdir. Sahibə Qafarova deyib ki, İƏT-ə üzv dövlətlərlə bir çox sahələri əhatə edən münasibətlər quran Azərbaycan islam ölkələri arasında əməkdaşlığın inkişafı və genişləndirilməsi istiqamətində də güclü təşəbbüskar dövlətdir. 2017-ci ilin Azərbaycanda İslam Həmrəyliyi İli kimi qeyd olunduğunu vurğulayan millət vəkili S.Qafarova qeyd edib ki, ötən il Azərbaycanın təşkilatçılığı və evsahibliyi ilə keçirilən tədbirlər, ölkəmizin təşəbbüsləri islam ölkələri arasında əlaqələrin möhkəmlənməsinə, bir sıra problemlərin həllinə mühüm töfhələr verib.

Sahibə Qafarovanın sözlərinə görə, sessiya çərçivəsində "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" və "1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik" adlı qətnamələrin qəbulu bir çox cəhətlərdən əhəmiyyətlidir. Bu sənədlərdə Azərbaycanın ədalətli mövqeyinin müdafiə olunması, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa uyğun Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və

beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməsi əsasında tez bir zamanda siyasi həllinin tapılmasına çağırış edilməsi beynəlxalq ictimaiyyətin problemin ədalətli həllinə diqqətininn yönəldilməsi baxımından mühüm əhəmiyyətə malikdir. İƏT-ə üzv dövlətlərin təmsilçiləri rəsmi şəkildə bəyan ediblər ki, BMT Baş Assambleyasında Azərbaycanın ərazi bütövlüyü məsələsində tam dəstək verəcəklər. Eyni zamanda, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin doğurduğu faciəvi və ağır nəticələr, azərbaycanlılara qarşı soyqırımı siyasətinin gerçəkliklərinin dünya ictimaiyyətinə çatırılmasının vacibliyi bu sənədlərdə xüsusi qeyd olunub. Ermənistanın işğal edilmiş Azərbaycan torpaqlarında vandallıq törətdiyini də bildirən Sahibə Qafarovanın fikrincə, işğal faktının davam etdiyi ötən 25 ildən artıq dövrdə işğal altındakı ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni abidələr tamamilə dağıdılıb, dini məbədlər, İslam dinini simvolizə edən abidələr dağıdılıb, təhqir olunub. Ermənilərin bu barbarlığı dəfələrlə sübuta yetirilib, hətta müxtəlif beynəlxalq müşahidə missiyaları tərəfindən də qeydə alınıb. İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının sessiyasında da "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş torpaqlarında İslam dininə aid tarixi və mədəni abidələrin və izlərin dağıdılması və təhqir olunması" adlı sənədin qəbulu da ermənilərin vəhşiliklərin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli bir addımdır: "Bütün bunlar isə bir daha Azərbaycanın Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması, problemin həllinə münasibətdə ikili standartların aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyünün və tarixi ədalətin bərpası yönündə qətiyyətli, ardıcıl siyasətinin uğurlu nəticələr verdiyini ortaya qoyur. Bu gün dünyadakı bütün təşkilatlar Azərbaycan torpaqlarının Ermənistan dövləti tərəfindən işğal edilməsi faktını tanıyır, Azərbaycanın haqlı və ədalətli mövqeyi ən yüksək kürsülərdən dəstəklənir. İslam Əməkdaşlıq Təşkilatı da bu sırada daim fəallıq nümayiş etdirir"