YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: AŞPA-nın “hesabat”ı anti-Azərbaycan və islamofob xarakteri daşıyır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyası qurumun iç üzünü, anti-Azərbaycan mövqeyini bir daha açıb göstərdi. Korrupsiya hesabatı adlanan kağız parçası Azərbaycan əleyhinə olan bəzi deputatların fərziyyələri, gümanları əsasında hazırlanıb. Heç bir hüquqi əsası olmayan, fərdi şəkildə hazırlanan bu kağız parçası bir daha bu qurumda ölkəmizə qarşı aparılan ikili standartları təsdiqlədi. Bu kağız parçasında yazılanlar qeyri-obyektiv və qərəzlidir. Bu “hesabat” tam anti-Azərbaycan və islamofob xarakteri daşıyır.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Sahibə Qafarova deyib.

Sahibə Qafarova bildirib ki, bu, qurumdakı ermənipərəst deputatların qurduğu növbəti oyun idi. Hətta bu günə qədər həyata keçirilmiş anti-Azərbaycan hücumların kulminasiya nöqtəsi idi. Bəlkə də ölkəmizə qarşı yeni oyun dalğası başlanıb. AŞPA-nın monitorinq komitəsi var, onun funksiyası və fəaliyyəti müxtəlif dairələrin mənafelərinə xidmət edir. Monitorinq komitəsinin siyahısında olan ölkələrə nəzər salsaq görərik ki, hamısı tam müstəqil siyasət yürüdən ölkələrdir. Aparılan monitorinqlər isə bu ölkələrə təzyiq məqsədi güdür. Niyə Azərbaycana qarşı bu gün belə təzyiqlər mövcuddur? Azərbaycanın apardığı müstəqil siyasəti gözü götürməyənlər var. Azərbaycanın güclü Prezidenti var. Prezident seçkiləri bütün dünyaya göstərdi ki, xalqımız öz Prezidentinə inanır, onun siyasi kursunu dəstəkləyir. Ölkəmiz sürətlə inkişaf edir, böyük nailiyyətlər əldə edir. Bütün bunları bəzi qüvvələrin gözləri götürmür. Bizə qarşı olan bütün bu hücumlar ölkəmizin müstəqilliyini, daxili stabilliyini pozmağa yönəlib. Mən əminəm ki, dövlətimiz xalqımızla birlikdə yad əllərin müstəqilliyimizə, sabitliyimizə uzanmasına imkan verməyəcək.