YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağacan Abiyev: Azərbaycan idmançıları beynəlxalq səviyyəli yarışlarda və olimpiadalarda uğurlarını ilbəil artırırlar

«Mötəbər idman yarışlarının keçirilməsinin Azərbaycana həvalə edilməsi ölkəmizin müsbət reallıqları ilə bağlıdır». Bu fikri MOK-un baş katibi, Milli Məclisin deputatı Ağacan Abiyev deyib.

A.Abiyev bildirib ki, respublikamızdakı möhkəm daxili sabitlik, dövlətin güclü siyasi iradəsi və xalqın xoş məramı beynəlxalq idman ictimaiyyətində Azərbaycana böyük inam yaradıb. Belə mötəbər yarışları ancaq Azərbaycan kimi güclü potensiala malik ölkə təşkil edə və yüksək səviyyədə keçirə bilər. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyətin inamı həm də o amildən qaynaqlanır ki, son illərdə Azərbaycan özünü bütün dünyaya idman ölkəsi kimi tanıdır.

«Azərbaycan idmançıları beynəlxalq səviyyəli yarışlarda və olimpiadalarda uğurlarını ilbəil artırırlar. Digər tərəfdən, son 15 ildə respublikamızda son dərəcə güclü idman infrastrukturu yaradılıb. Hazırda Azərbaycan idman infrastrukturu təminatı baxımından dünyanın inkişaf etmiş ölkələrindən geri qalmır. Ölkəmizin böyük uğurla ev sahibliyi etdiyi birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində həyata keçirilən layihələr respublikamızın idman infrastrukturunu əhəmiyyətli dərəcədə zənginləşdirib. Birinci Avropa Oyunlarına hazırlıq məqsədilə 5 müasir idman qurğusu - Milli Gimnastika Arenası, BMX Veloparkı, Bakı Su İdmanı Mərkəzi, Bakı Atıcılıq Mərkəzi və möhtəşəm Olimpiya Stadionu inşa edilib. Bundan başqa, dünya standartları səviyyəsində yaradılan atletlər kəndi barədə də ən xoş sözləri söyləmək mümkündür. Bəhs olunan müasir arenalar yalnız beynəlxalq səviyyəli yarışların keçirilməsi baxımından əhəmiyyətli deyil. Həmin arenalar həmçinin ölkədə idmanın populyarlığının artmasına da müsbət təsir göstərir»-deyə, A.Abiyev vurğulayıb.