YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ATƏT DTİHB missiyasının tərkibindəki ekspert qurumun saxtakarlığını ifşa etdi

Vüqar Əhmədov: ATƏT DTİHB-nin açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı

Mən Azərbaycanda keçirilən prezident seçkiləri ərəfəsində ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının bütün görüşlərində olmuşam. Missiyanın bütün üzvləri seçki prosesini müşahidə edərkən bir fikirdə idilər. Lakin ATƏT DTİHB-nin seçkilərə dair hesabatında müşahidələrimizlə bağlı rəylərdən tamamilə fərqli fikirlər yer aldı. Seçkilərə qeyri-obyektiv qiymət verildiyi üçün mən etiraz olaraq missiyadan istefa verib çıxdım.

Bu fikirləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının siyasi məsələlər üzrə sabiq köməkçisi Vüqar Əhmədov aprelin 13-də keçirdiyi mətbuat konfransında deyib. O qeyd edib ki, bu səbəbdən müşahidə missiyasının ötən gün seçkilərlə bağlı verdiyi rəyə jurnalistlər etiraz etməkdə tam haqlı idilər. Bu etirazdan sonra missiyanın məsələyə obyektiv qiymət verəcəyini gözləyirdim, amma bunun əksinə oldu.

V.Əhmədov missiya rəhbərinin müavini Stefan Krausun hesabatın hazırlanmasında fəal iştirak etdiyini və Azərbaycana mənfi münasibət bəslədiyini bildirərək deyib ki, ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər. Hesabat seçkidən əvvəl hazırlanmışdı, sadəcə, seçkidən sonra elan edildi. Xədicə İsmayıl, Emin Milli ATƏT DTİHB-nin müşahidə missiyası ilə sıx əlaqədə idi. Hesabatda ciddi qanun pozuntularına yol verildiyi iddia edilir. Mən seçki günü ofisdə idim. Seçki məntəqələrində ciddi qanun pozuntuları yox idi. Xırda məqamlar qeydə alınıb, bu da seçkinin nəticələrinə təsir edəcək səviyyədə olmayıb. Bu hesabat tənqid də deyil, sırf qarayaxma, qərəzdir. Mən bunların heç biri ilə barışmadığım üçün rəsmi şəkildə müşahidə missiyasının rəhbərinə müraciət etdim və missiyanı tərk etdim. Müşahidə missiyasındakı şəxslər anti-Azərbaycan mövqeyində olan, erməni dairələrin maraqlarına xidmət edən insanların təsiri altında idilər.

Rusiyadakı seçki prosesində də iştirak etdiyini bildirən Vüqar Əhmədov qeyd edib ki, qurumun siyasi şöbəsinin verdiyi hesabat kənarda qaldı, onlar isə özləri ilə hazır gətirdikləri hesabatı yaydılar. Bu da onların qərəzli mövqeyini açıq şəkildə ortaya qoyur. Buna görə də bildirməliyəm ki, ATƏT DTİHB-nin aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı açıqladığı yekun rəy əvvəlcədən hazırlanmışdı.