YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili dünya ictimaiyyətinə müraciət ünvanlayıb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova

21 sentyabr-Beynəlxalq Sülh Günü münasibətilə dünya ictimaiyyətinə müraciət ünvanlayıb.

Müraciətdə deyilir ki, bəşəriyyətin dayanıqlı inkişafı, insan hüquq və azadlıqlarının həyata keçirilməsi sülh və təhlükəsizliyin təmin edilməsindən asılıdır. Davamlı inkişafa yönəlmiş yol məhz sülh, ədalət, tolerantlıq, qanunun aliliyindən və insan hüquqlarından keçir.
BMT-nin qərarı ilə dünya miqyasında qeyd edilən Beynəlxalq Sülh Günü insan hüquqlarını, zorakılıqsız və münaqişəsiz cəmiyyəti, firavan həyatı təcəssüm etdirir. BMT Baş Assambleyası tərəfindən qəbul edilən və bu il 30 illiyi qeyd olunan “Xalqların sülh hüququna dair” Bəyannaməsində də bu hüquq heç bir ayrı-seçkiliyə yol verilmədən insanların müqəddəs hüququ kimi bəyan edilib.

1995-ci il UNESCO-nun “Dözümlülük haqqında Prinsiplər Bəyannaməsi” də tolerantlıq, sülh, ədalət, qarşılıqlı anlaşma və ehtiram üçün əsas təməl rolunu oynayan dözümlülük “sülhü mümkün edərək müharibə mədəniyyətinin sülh mədəniyyəti ilə əvəz olunmasını təbliğ edir.

Bu bəyannamələr hər bir dövlətin üzərinə sülhün təmin edilməsi və qorunması öhdəliyi qoyur.

Müraciətdə daha sonra deyilir: “Sürətlə qloballaşan dünyada mövcud siyasi, iqtisadi və mədəni proseslər hər bir ölkədən zamanın təxirəsalınmaz çağırışlarına adekvat cavab verməyi tələb edir. Bu isə dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, yeni yaradıcı təfəkkürün və innovativ mühitin bərqərar olunması, eləcə də insanın dini əqidəsinə hörmətlə yanaşılması, irqçiliyin və dözümsüzlüyün hər hansı təzahürünün aradan qaldırılması ilə mümkündür. Təəssüf ki, dövlətlər, konfessiyalar və sivilizasiyalararası ziddiyyətlər genişlənir, yeni müharibə ocaqları yaranır”.

Müraciətdə vurğulanır ki, fərqli dinlərə və inanclara mənsub insanların əsrlərdən bəri qarşılıqlı anlaşma şəraitində yaşadığı, sülhməramlı mövqeni dəstəkləyən və buna sadiq olan Azərbaycan tarixinin son 25 illik dövrü Ermənistanın təcavüzü nəticəsində torpaqlarımızın iyirmi faizinin işğal edilməsi və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti ilə müşayiət olunub. Xalqımız müharibə dəhşətlərini öz taleyində yaşayıb. Əzəli torpaqlarından qovulmuş yüz minlərlə soydaşımızın insan hüquqları kütləvi şəkildə və kobudcasına pozulub. Bu gün atəşkəs rejiminə baxmayaraq erməni hərbi birləşmələrinin mütəmadi olaraq bu sazişin şərtlərini pozması, kütləvi yanğınlar törətməklə sərhədyanı kəndlərə müxtəlif silahlardan atəş açmaqla mülki əhaliyə ziyan vurması, o cümlədən dinc əhalini girov götürməsi insanların həyatına təhlükə yaradır. Onların yaşamaq, sərbəst hərəkət etmək və başqa hüquqlarını pozur.

Müraciətdə bildirilir ki, bütün bunlar mülki əhalinin, uşaqların, qadınların, ahılların, əlillərin hərbi münaqişələr zamanı insan hüquqlarının qorunmasına aid beynəlxalq sənədlərin, o cümlədən BMT-nin “Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə”sinin, “Silahlı münaqişələr (müharibələr) dövründə mülki əhalinin müdafiəsi haqqında” Haaqa Konvensiyalarının, “Müharibə qurbanlarının müdafiəsi haqqında” Cenevrə Konvensiyasının və digər konvensiyalarının müddəalarının ciddi şəkildə pozulması ilə nəticələnir. Bu kimi halların davam etməsi çoxsaylı cəzasızlıq presedentləri yaradır. Cəzasızlıq isə insanlıq əleyhinə yeni cinayətlərə yol açır, dinc əhalinin təhlükəsizliyini təhdid edir.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini, regionda hərbi əməliyyatların, düşmənçilik aktlarının dərhal dayandırılmasını, bütün erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını nəzərdə tutan qətnamələrinin tələbləri yerinə yetirilmir. Sülhə və təhlükəsizliyə laqeyd münasibət bəslənilir, işğal altındakı torpaqlarımızda mövcud mədəni irsimiz mənimsənilir, nadir tarixi abidələrimiz amansızcasına dağıdılır. Bütün bunlar dünyada sülhün bərqərar olmasına mənfi təsir göstərir.

Müraciətdə BMT, Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların əsas vəzifələri sırasında universal sülhün möhkəmləndirilməsi istiqamətində qətiyyətli tədbirlərin görülməsi, sülhün pozulmasına gətirib çıxara bilən münaqişələrin dinc vasitələrlə ədalətli şəkildə və beynəlxalq hüquq prinsiplərinə uyğun olaraq nizamlanmasının vacibliyi vurğulanır. Dünya səviyyəsində etnik təmizləmə siyasətinə yol verənlərin cəzalandırılmasının zəruriliyi qeyd olunur.

Ombudsman öz müraciətində beynəlxalq qurumları, elm və din xadimlərini, vətəndaş cəmiyyətinin nümayəndələrini, milliyyətindən, dinindən və irqindən asılı olmayaraq, əhalinin bütün təbəqələrini öz səylərini yerli və beynəlxalq səviyyədə münaqişələrin həllinə yönəltməyə, habelə davamlı inkişafı təmin etmək üçün həmrəyliyə səsləyib. Dünya ictimaiyyətini, nüfuzlu beynəlxalq təşkilatları Cənubi Qafqaz regionunda sabitliyə, sülhyaratma proseslərini, habelə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ölkəmizin haqlı mövqeyini dəstəkləməyə, ərazi bütövlüyünün bərpa edilməsində yardımçı olmağa çağırıb.

Müraciət BMT-nin Baş Katibinə, BMT Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, ATƏT-ə, Avropa Şurasına, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, Universal Sülh Federasiyasına, səfirliklərə, diaspor təşkilatlarına və xarici ölkələrin ombudsmanlarına göndərilib.