YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatında cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüş keçirildi

22 mart 2018-ci il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında bu ilin aprelin 11-də keçiriləcək Prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə ilk görüş keçirildi.

Görüşü giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov seçiciləri salamladı və onlarla görüşməkdən məmnun olduğunu bildirdi. Ramiz Göyüşov çıxışında Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə son 14 il ərzində ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan və o islahatların nəticəsi olaraq əldə olunan çoxsaylı nailiyyətlərdən geniş bəhs etdi. Qeyd etdi ki, Azərbaycanın iqtisadi uğurları günbəgün artır və iqtisadi uğurların qazanılması ilə ölkəmizin ictimai-siyasi sabitliyi, xalqımızın rifah halının daha da yaxşılaşdırılması təmin edilir. Həmçinin Azərbaycanın kosmos ailəsinin üzvü olduğunu xatırladaraq 2 peykimizin orbitə buraxılmasını mühüm tarixi qələbə adlandırdı və bütün bunların dövlət başçısı cənab İlham Əliyevin uzaqgörən siyasətinn bəhrəsi olduğunu söylədi. Sədr ölkəmizin sülhpərvər, multikultural və tolerant ölkə olaraq bütün dünyada sayılıb-seçildiyini və çoxmillətli ölkə olaraq məscidlərin, kilsələrin, sineqoqların sərbəst fəaliyyəti üçün lazımı şəraitin yaradıldığını vurğuladı. Hazırda bir qrup xarici qüvvələrlə, eləcə də erməni qruplaşmaları ilə əməkdaşlıq edərək Azərbaycan əleyhinə kampaniya aparan şəxslərin utancverici fəaliyyətinə nəzərə salaraq onların fəaliyyətinin dövlətə, vətənə xəyanət olduğunu bildirdi. Bütün xalqımızı, seçiciləri ayıq-sayıq olmağa və dövlət başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşməyə səslədi. Ramiz Göyüşov çıxışının sonunda Azərbaycanın daha da inkişaf etməsi, təhlükəsiz, müstəqil, daha qüdrətli ölkə olaraq qələbələr qazanması naminə bütün seçiciləri bu ilin 11 aprel tarixində keçiriləcək Prezident seçkilərində cənab İlham Əliyevə səs verməyə çağırdı.

YAP Binəqədi rayon təşkilatının sədr müavini Hüseyn Əsgərov çıxış edərək ölkə prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illər ərzində Azərbaycanın sürətli inkişafa nail olduğunu, vətəndaş cəmiyyətinin formalaşdırılması, təhsil və səhiyyə sahələrində mühüm uğurların əldə edildiyini söylədi. 2006-cı ildə birbaşa cənab İlham Əliyevin təşəbbüsü ilə 3500 Azərbaycan gəncinin xarici ölkələrin ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldıqlarını və ölkəmizə peşəkar kadrlar olaraq geri qayıtdıqlarını bildirdi. Bu cür gənclərimizin savadının, təcrübəsinin bu gün ölkəmizdə uğurla mənimsənildiyini  və gələcək inkişafımıza mühüm təkan verdiyini qeyd etdi. Bu gün Azərbaycan təhsil standartlarının beynəlxalq standartlara uyğunlaşdırıldığını, informasiya kommunikasiya texnologiyalarının inkişafının təmin edilməsi istiqamətində məqsədyönlü islahatların həyata keçirildiyini vurğuladı. Hüseyn Əsgərov çıxışının sonunda bütün xalqımızı və seçicilərin hər birini ölkəmizin sürətli inkişafına öz töhfəsini verməyə və cənab İlham Əliyevi dəstəkləməyə çağırdı.

Görüşdə seçicilər adından çıxış edən Binəqədi rayonu 157 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi, seçici Orxan Rəfiyev bir gənc vətəndaş və müəllim olaraq dövlət başçısı cənab İlham Əliyevin gördüyü işlərin onda qürur hissi oyatdığını, 2016-cı ilin aprel döyüşlərində ordumuzun şanlı qələbəsinin məhz görülən işlərin məntiqi nəticəsi olduğunu bildirdi. O, Prezident seçkilərində hamılıqla seçkilərə gedəcəklərini və cənab İlham Əliyevə səs verəcəklərini qeyd etdi.

Görüş yüksək coşğu ilə başa çatdı.