YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın nüfuzlu yəhudi təşkilatının illik toplantısında Azərbaycanın nailiyyətləri müzakirə olunub

Vaşinqtonda ABŞ-ın ən nüfuzlu yəhudi təşkilatı olan Amerika İsrail İctimai İşlər Komitəsinin (AIPAC) illik siyasi konfransı çərçivəsində Azərbaycan-İsrail tərəfdaşlığına həsr edilmiş “Yeni sərhədlər: İsrailin Qafqazda və Mərkəzi Asiyada strategiyası” mövzusunda seminar keçirilib.

İctimai-siyasi, akademik, biznes və diplomatik korpus dairələrinin 250 nəfərədək nümayəndəsinin qatıldığı seminarda əvvəlki illərdəki kimi, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının vitse-prezidenti Mark Levin, tanınmış politoloqlar - Corctaun Universitetinin professoru Brenda Şaffer və Mərkəzi Asiya-Qafqaz İnstitutunun İpək Yolu Tədqiqatları Proqramının direktoru Svante Kornel iştirak ediblər.

Elin Süleymanov Azərbaycanın dünyanın ən strateji qovşaqlarından birində yerləşdiyini və müxtəlif mədəniyyətləri birləşdirən məkan olduğunu vurğulayıb. Diplomat bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd edildiyini, müsəlman Şərqində ilk demokratik respublikanın məhz Azərbaycanda yarandığını dinləyicilərin diqqətinə çatdırıb və bunun da Azərbaycan cəmiyyətinin dərin tolerantlıq ənənələrinin bir göstəricisi olduğunu bildirib. “Bu gün bu ənənələr davam edir və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində müasir Azərbaycan dövləti dünyada mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilib”, - deyə o qeyd edib.

Səfir Azərbaycan ilə ABŞ arasında mövcud olan strateji əməkdaşlıq çərçivəsində ölkəmizin Əfqanistanda sülhməramlı əməliyyatlara dəstəyini, dünyanın enerji xəritəsində artan rolunu və yeni İpək Yolunun mərkəzindəki irimiqyaslı nəqliyyat layihələrinin təşəbbüskarı olaraq ABŞ ilə iqtisadi münasibətlərin inkişafına töhfələrini vurğulayıb.

Azərbaycan ilə İsrail arasında münasibətlərin dostluq və əməkdaşlıq əsasında qurulduğunu, İsrail dövlətinin sabiq Prezidenti, Baş naziri və digər yüksək rütbəli nümayəndələrinin Azərbaycana səfərlərini xatırladan diplomat İsrailin müsəlman dünyası ilə əlaqələr qurmaq prosesində Azərbaycanın əhəmiyyətli rolunu qeyd edib.

Eyni zamanda, səfir 2017-ci ildə Azərbaycanda “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfransda yəhudi və xristian nümayəndələrin iştirakını və onların çıxışlarını xatırladıb. Azərbaycanda əsrlər boyu müsəlmanlar, yəhudilər və digər dini icma üzvlərinin dostluq və mehribanlıq şəraitində yaşadığı qeyd edilib və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə yüksəlmiş, milliyətcə yəhudi olan Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun əsl vətənpərvərlik nümunəsi olduğu vurğulanıb.

Mark Levin, Brenda Şaffer və Svante Kornel çıxışlarında tolerantlıq ənənələrini və dinlərarası dialoqa dair çoxsaylı misalları qeyd edib, bunun inkişaf etdirilməsi istiqamətində görülən işlərdə ölkə rəhbərliyinin olduqca vacib rolunu vurğulayıb, eləcə də ekstremizmə və radikalizmə qarşı mübarizədə Azərbaycan təcrübəsinin digər dövlətlər üçün də faydalı ola biləcəyini deyiblər. Həmçinin Azərbaycan torpaqlarının 20 faizinin işğal altında qaldığı, bir milyondan çox qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, ölkə siyasətinin radikalizmdən uzaq olduğu qeyd edilib. B.Şaffer Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfəsindən danışaraq bu sahədə qazandığı statusu qeyd edib.

Müzakirə zamanı Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyası tərəfindən Hyustonda ötən il Harvi qasırğası nəticəsində zərər görmüş yəhudi icmasının ən böyük dini məbədi - Bet Yeşurun sinaqoqunun bərpasına maddi yardımın göstərilməsinin ikitərəfli münasibətlərin davamlı inkişafına növbəti sübut olduğu qeyd edilib. Göstərilən yardım konfrans iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Seminarın sonunda müzakirə edilən mövzu tədbir iştirakçıları arasında böyük marağa səbəb olub və sual-cavab hissəsində iştirakçılar tərəfindən çoxsaylı suallar ünvanlanıb.

 

 

DİGƏR Xəbərlər Arxiv