Xəbərlər
Prezident İlham Əliyev: Azərbaycan çox aydın gələcəyə malik olan ölkə kimi qəbul edilə bilər
“Müstəqillik baxımından ölkəmiz gəncdir. Müstəqilliyimizin əldə edilməsindən sonra cəmi 22 il keçməsinə baxmayaraq, belə bir qısa tarixi müddətdə müxtəlif məsələləri həll etməli olduq. Başlanğıcda bir çox problemlərdən, siyasi və iqtisadi çətinliklərdən əziyyət çəkmişik. İndi isə, Azərbaycan dünyada ən sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olduğu dövrdə bu dəyişiklik sadəcə gözlərimiz qarşısındadır və şadıq ki, biz bu prosesin bir hissəsi olmuşuq və həmçinin Azərbaycanın müasir dövlətə çevrilməsində fəal iştirak edirik. Xalqımızın gözəl tarixi, adət-ənənələri, mədəniyyəti vardır, lakin müstəqil ölkə kimi biz gəncik. Ötən əsrin əvvəlində müstəqillik dövrümüz olub, lakin bu, rus imperiyası dağıldıqdan və bolşevik inqilabından sonra baş verib və qısa sürüb, yalnız iki il çəkib. İnqilabın o vaxt şüarları var idi: Zavodlar fəhlələrə, torpaqlar kəndlilərə verilməli, azadlıq isə rus imperiyasının bütün xalqları üçün təmin edilməli idi. Lakin həmin vədlərin heç biri reallığa çevrilmədi.
Buna görə, iki ildən sonra biz müstəqillikdən məhrum olduq və Azərbaycan digər ölkənin bir hissəsinə çevrildi. Əlbəttə ki, bu, həyatımızın, tariximizin bir hissəsi olub. Ona görə keçmiş sovet məkanında yaşayan insanlar, fikrimcə, onlar öz müstəqilliyini, müstəqil seçimini, azad olmaq, öz dövlətinə malik olmaq hüququnu daha yüksək dəyərləndirirlər və onlar öz dövlətləri ilə fəxr edirlər. Azərbaycanın təcrübəsi göstərir ki, gələcəyimiz, taleyimiz öz əlimizdə olduğu zaman biz əvvəlki vaxtlarla müqayisədə daha çox iş görə bilərik. Çünki qısa müstəqillik dövrümüz göstərir ki, bütün çətinliklərə, iqtisadi və siyasi böhranlara, 1990-cı illərin əvvəlində vətəndaş müharibəsinə baxmayaraq, biz həmin çətinliklərin öhdəsindən gələ bildik.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Bakıda İkinci Qlobal Açıq Cəmiyyətlər Forumunun rəsmi açılışında nitqində söyləmişdir.
“Bu gün gələcəyimizi planlaşdırdıqda həyat tərzimizi daha da yaxşılaşdırmaq və daha güclü olmaq haqqında düşünürük.”-deyə, söyləyən Prezident İlham Əliyev qeyd etmişdir ki, bu cür dəyişikliklərin əsas səbəblərindən birinə, yəni, ilkin şərtlərə gəldikdə, bu, islahatlar siyasətidir. Çünki həyatımızın hər bir aspektini dəyişməli idik, biz azad və müstəqil, öz dövlətimizə malik olmağı və bir siyasi sistemdən digər sistemə keçməyi öyrənməli idik. Bunu isə etmək asan deyildi. Lakin bu, baş verdi.
Prezident İlham Əliyev: “Bu gün dövlətçiliyimizin möhkəm əsasları vardır. Biz geniş şəkildə ölkəmizi müasirləşdirən siyasi və iqtisadi islahatlar apardıq. Demokratiyanı inkişaf etdirdik, əsas azadlıqları, o cümlədən indiki həyatımızın ayrılmaz hissəsi olan toplaşmaq azadlığı, media azadlığı, azad interneti təmin etdik.
İyirmi iki il öncə biz bunu sadəcə arzulaya bilərdik. Eyni zamanda, aydın anladıq ki, möhkəm iqtisadi əsaslar olmasa, müstəqilliyimiz tam ola bilməz. Buna görə də siyasi islahatlarla iqtisadi islahatlar paralel həyata keçirilir.”
Prezident İlham Əliyev daha sonra qeyd etmişdir ki, uğurlarımızın əsas səbəblərindən biri xarici sərmayələrin cəlb edilməsi idi. İyirmi il öncə üzləşdiyimiz eyni çətinliklərlə üzləşən ölkələrə gəldikdə isə, bizim təcrübəmiz ölkəni necə dəyişmək, vətəndaşlara daha yaxşı həyat təmin etmək üçün yaxşı nümunə ola bilər.
“Biz xarici sərmayələri cəlb etməyi bacardıq. Həmin sərmayələri inkişaf etdirmək istədiyimiz, həmçinin sərmayədarlar üçün cəlbedici olan iqtisadiyyat sahələrinə istiqamətləndirdik. Biz münbit sərmayə şəraitini yaratdıq və çox çalışdıq ki, hətta 15 il öncə mövcud olmuş məhdud resurslarla çox sayda iş yerləri yaradaq. Biz bu gün də düzgün istiqamətdə irəliləyirik. Aydın şəkildə anladıq ki, müstəqilliyimizin gücləndirilməsində, onun əbədi, dönməz olmasında irəliyə doğru yol ondan ibarətdir ki, biz iqtisadi baxımdan azad, müstəqil və güclü olmalıyıq. İndi isə mən söyləyə bilərəm ki, illər boyu aparılan və bu gün də davam edən islahatlardan sonra Azərbaycan çox aydın gələcəyə malik olan ölkə kimi qəbul edilə bilər.”- deyə, Prezident İlham Əliyev bildirmişdir.