YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazim İbrahimov: Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması Diasporla İş üzrə Dövlət Komitəsinin əsas prioritetlərindəndir

«Ulu öndərimiz Heydər Əliyevin başladığı və cənab Prezident İlham Əliyevin davam etdirdiyi məqsədyönlü, ardıcıl siyasət nəticəsində Azərbaycan dövləti az bir vaxtda ermənilərin anti-Azərbaycan təbliğatının zəiflədilməsinə, bəzi məqamlarda isə ifşa edilməsinə nail olub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü işlər, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə artıq 10 ildir aparılan “Xocalıya ədalət” beynəlxalq kampaniyası nəticəsində çox ciddi uğurlar əldə olunub». Bu fikirləri yap.org.az saytına müsahibəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

N.İbrahimov bildirib ki, “Xocalıya ədalət” kampaniyası bu tədbirlərə daha çox insanın cəlb olunmasında və bu tədbirlərin daha geniş coğrafiyaya yayılmasında ciddi rol oynayıb. Artıq bu təbliğat kampaniyası Amerikadan Avropaya, Mərkəzi Asiya, Yaxın və Uzaq Şərq ölkələri, Avstraliya, hətta Afrikaya qədər geniş bir coğrafiyanı əhatə edir. “Xocalıya ədalət!” beynəlxalq kampaniyası bu sahədə görülən işləri daha da sürətləndirib, səmərəsini artırıb. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları hadisəni soyqırımı kimi tanıyıb. Azərbaycan həqiqətlərinin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması Diasporla İş üzrə Dövlət Komitəsinin bilavasitə əsas prioritetlərindəndir. İllərdir bu istiqamətdə məqsədyönlü və sistemli iş aparılır, Dövlət Komitəsi olaraq, nəinki Xocalı soyqırımı ərəfəsində bütün il ərzində də bu istiqamətdə xarici ölkələrdə təbliğat işləri aparır, diaspor təşkilatları tərəfindən çox maraqlı və effektiv tədbirlər həyata keçirilir. Təkcə 2017-ci ildə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində ümumilikdə 150-dən çox tədbir keçirilib. Xüsusilə də Azərbaycan diaspor təşkilatları tərəfindən Ermənistanın, erməni diaspor və lobbi qruplarının ölkəmizlə bağlı anti-təbliğat kampaniyalarının qarşısının alınması məqsədilə il ərzində müxtəlif formatlı tədbirlər keçirilib, xarici ölkələrin kütləvi informasiya vasitələrində mütəmadi olaraq məlumatlar yayımlanıb. Nəinki diaspor təşkilatlarımızın, eləcə də Azərbaycan Respublikasının bir sıra dövlət və qeyri-hökumət təşkilatları, diplomatik nümayəndəliklərimiz, ayrı-ayrı vətəndaşlarımızın kifayət qədər maraqlı təşəbbüsləri, layihələri olur. Təqdirəlayiq haldır ki, bütün azərbaycanlılar Xocalı soyqırımı ilə bağlı belə yüksək fəallıq nümayiş etdirirlər. Xüsusilə də xarici ölkələrdə yaşayan soydaşlarımızın, diaspor təşkilatlarımızın nümayiş etdirdiyi fəallıq, vətənpərvərlik mövqeyi təqdirəlayiqdir»-deyə, Dövlət Komitəsinin sədri vurğulayıb.