YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ankaranın Qızılcahamam rayonunda yerləşən Xocalı kompleksində Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Türkiyədəki səfirliyinin yerli bələdiyyə ilə birgə təşkil etdiyi tədbirdə hər iki ölkənin dövlət nümayəndələri, parlament üzvləri, yerli hakimiyyət orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım tədbiri soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Milli Məclisin üzvü Elman Məmmədov, Türkiyə Böyük Millət Məclisinin üzvü Əmrullah İşlər, Qızılcahamam bələdiyyəsinin sədri Muhiddin Güney və Xocalı soyqırımının şahidi Dürdanə Ağayeva anım mərasimində çıxış ediblər.

Xocalı soyqırımının baş vermə səbəbləri barədə danışan çıxışçılar Azərbaycan xalqına qarşı törədilən bu vandalizmin heç vaxt unudulmayacağını qeyd ediblər. Bildirilib ki, Türkiyə tərəfi Azərbaycan xalqına qarşı törədilən bu bəşəri cinayətə həmişə etiraz edib və acımızı paylaşıb. Əminliklə ifadə olunub ki, Azərbaycan və Türkiyə bütün dövrlərdə olduğu kimi, bundan sonra da bir-birinin yanında olacaq.

İştirakçılar Xocalı qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə gül qoyub, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.