YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elmar Məmmədyarov Fransanın Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində bu ölkənin Avropa və Xarici İşlər Nazirliyinin dövlət katibi Jan-Batist Lömuan ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə nazirlər Azərbaycan ilə Fransa arasında ikitərəfli və çoxtərəfli münasibətlərin cari səviyyəsindən məmnunluqlarını bildiriblər. İki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.

2017-ci ilin sentyabrında yeni formalaşmış Fransa hökumətinin ilk üzvü kimi Azərbaycana rəsmi səfər etdiyini deyən fransalı dövlət katibi səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü və səfərin nəticələrini yüksək qiymətləndirib.

Nazirlər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların cari vəziyyəti barədə fikir mübadiləsi aparıblar. Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsi üzrə danışıqlar prosesinin gedişi ilə bağlı ətraflı məlumat verib. O, 2018-ci il yanvarın 18-də Polşanın Krakov şəhərində ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri ilə görüşəcəyini bildirib.

Elmar Məmmədyarov Fransanın bir sıra şəhərlərinin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim ilə qanunsuz əlaqələr yaratması, qondarma rejimin təmsilçiləri kimi özünü təqdim edən şəxslərin Fransa ərazisinə daxil olması kimi faktların ATƏT-in Minsk qrupunun həmsədri olaraq Fransanın mərkəzi hökuməti tərəfindən qarşısının alınmasının vacibliyini bildirib.

Azərbaycan və Fransa arasında iqtisadi-ticarət əlaqələrini nəzərdən keçirən nazirlər enerji, nəqliyyat, metro, kosmik sənaye, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın dinamik sürətdə inkişaf etdiyini və 50-dən artıq Fransa şirkətinin Azərbaycanda fəaliyyət göstərdiyini vurğulayıblar.

Azərbaycan və Fransanın təhsil sahəsində sıx əməkdaşlıq etdiyini bildirən nazirlər Azərbaycanda fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin bu əməkdaşlığın parlaq göstəricisi olduğunu qeyd ediblər.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinə toxunan Elmar Məmmədyarov ölkəmizlə Avropa İttifaqı arasında strateji tərəfdaşlıq sənədi üzərində iş aparıldığını və əlaqələrin uğurla inkişaf etdiyini söyləyib.

Görüşün sonunda nazirlərin iştirakı ilə Azərbaycan Milli Elmlər Akademiyası ilə Fransanın Montpellier Universiteti arasında əməkdaşlıq haqqında çərçivə və dissertasiya və maliyyələşmə haqqında əməkdaşlıq sazişləri imzalanıb. Sazişlər AMEA-nın prezidenti, akademik Akif Əlizadə və Montpellier Universitetinin beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Fransua Henn tərəfindən imzalanıb.