YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Volkan Bozkır: Azərbaycan üçün önəmli olan hər şey Türkiyə üçün də önəmlidir

Yanvarın 17-də Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkırın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə Azərbaycan və Türkiyə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, hər iki ölkə dostluq və qardaşlıq əlaqələrini genişləndirmək, bir millətin ümumi dəyərlərini yüksəltmək üçün fəaliyyət göstərib, göstərir və bundan sonra da göstərəcək. Biz ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsini bir daha xatırlamalı və hər zaman bu fəlsəfə ilə yaşamalıyıq.

Səməd Seyidov deyib ki, Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyətinin ölkəmizə gəlişi çox önəmlidir, həm də böyük rəmzi məna daşıyır. Üç gündən sonra Azərbaycan tarixində baş vermiş ən qanlı hadisələrdən birini – 20 Yanvar faciəsini qeyd edəcəyik. Bu, bir faciədir, eyni zamanda, Azərbaycan tarixində şərəf səhifəsidir.

2018-ci ilin Azərbaycan üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğulayan Səməd Seyidov bildirib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin, Türk İslam Ordusunun Bakını ermənilərdən azad etməsinin 100 illiyi qeyd olunacaq. Ona görə də bu il ölkəmiz üçün çox rəmzi məna daşıyır.

Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin rəhbəri Volkan Bozkır Azərbaycana səfərdən məmnunluq duyduğunu deyib. O bildirib ki, Azərbaycan üçün önəmli olan hər şey Türkiyə üçün də önəmlidir. 2018-ci il Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bir ildir.

Bir neçə gündən sonra Azərbaycanda 20 Yanvar faciəsinin qeyd olunacağını vurğulayan Volkan Bozkır Azərbaycanın həmin faciə zamanı çoxlu sayda şəhid verdiyini bildirib. O deyib ki, dünyada Azərbaycan və Türkiyə qədər şəhid verən ölkə yoxdur. Onlar azadlıq, müstəqillik yolunda canlarından keçiblər.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də müzakirələr aparılıb, problemin həllində Azərbaycanın ədalətli mövqeyini dəstəklədiyinə görə qardaş Türkiyə dövlətinə minnətdarlıq ifadə edilib.