YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycan sabitlik və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biridir

«Azərbaycan hazırda regionun lider dövlətidir, ölkəmizin beynəlxalq aləmdə mövqeyi xeyli güclənib. Azərbaycan iqtisadiyyatının inkişaf etməsi, müasirləşməsi ölkəmizin həm regionda, həm də dünyada mövqeyini ciddi şəkildə möhkəmləndirib. Azərbaycan neçə ildir ki, bölgənin lideri statusunu daşıyır və bu statusu heç zaman əldən verməyəcək. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsini sübuta yetirən ciddi misallar gətirmək olar. Bir neçə il əvvəl ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi gənc ölkənin xarici siyasətinin və ümumilikdə dövlətin həyata keçirdiyi siyasətin uğurundan xəbər verir». Bu fikirləri yap.org.az saytına Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, bu gün Azərbaycandan uzaq olmayan regionlarda qanlı hadisələr baş verir. Bütün bunların fonunda ölkəmizdə təhlükəsizlik və sabitlik hökm sürür. Onun sözlərinə görə, Azərbaycan sabitlik  və inkişaf baxımından dünyada nümunə olacaq ölkələrdən biridir. Təbii ki, təhlükəsizliyin təmin olunması və qorunması dövlət rəhbərliyinin əsas vəzifələrindən biridir. Xalqımız tərəfindən iqtidarın bu yöndəki siyasəti böyük dəstək qazanıb.

«Qazanılan uğurlarla yanaşı, ölkəmizin qarşısında gələcək hədəflər də dayanır. Ölkəmizin iqtisadiyyatının daha da güclənməsi, əhalinin rifah halının daha da yüksəlməsi, Azərbaycanın regionda və beynəlxalq miqyasda mövqelərinin daha da gücləndirilməsi qarşıda dayanan əsas vəzifələr sırasındadır. Bütün bunlar müstəqilliyimizin əbədiyaşar olması üçün önəmlidir. Yeni iqtisadi modelin ortaya qoyulması, yeni islahatların həyata keçirilməsi isə ölkəmizin gələcək inkişafı üçün çox etibarlı zəmin olacaq. Beləliklə, qarşımızda mühüm vəzifələr dayanır. İnanıram ki, biz üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gələcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsi ölkəmizə yeni nailiyyətlər qazandıracaq və bütün bunlar Azərbaycan vətəndaşlarına xidmət edəcək, iqtisadiyyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiyyətlər əldə edəcək, insanlarımız müstəqil dövlətin verdiyi bütün imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəklər»-deyə, Əli Əhmədov vurğulayıb.