YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş «Debat turniri» layihəsinin yekun tədbiri keçirilib

Dekabrın 22-də Bakı Ali Neft Məktəbində YAP Gənclər Birliyi və DVC-nin birgə təşkilatçılığı ilə milli debat proqramı çərçivəsində Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş «Debat turniri» layihəsinin yekun tədbiri keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə çıxış edən YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov partiyanın 25 illik yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik edib. YAP-ın tarixi zərurətdən yaranan partiya olduğunu deyən S.Novruzov bildirib ki, gənclərimiz partiyanın gələcəyidir. Onun sözlərinə görə, YAP-da bütün təbəqələrin nümayəndələri təmsil olunurlar. O cümlədən partiyamızda yaşlı və gənc nəslin vəhdəti var.

YAP İcra katibinin müavini 2017-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyib: «Başa çatmaqda olan 2017-ci il ölkəmiz üçün uğurlu oldu. Prezident İlham Əliyevin rəhbərliyi Azərbaycan böyük nailiyyətlər qazanıb. Bu ilə ərzində ölkəmiz üçün bir sıra əlamətdar hadisələr baş verdi. Bunların sırasında «Əsrin müqaviləsi»nin uzadılmasına dair sazişin imzalanması və Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istifadəyə verilməsi xüsusilə qeyd edilməlidir. Çünki hər iki hadisə Azərbaycanın gələcəyi üçün çox önəmlidir. Bu layihələr ölkəmizin təhlükəsizliyinin daha da güclənməsi, qüdrətlənməsi və müstəqilliyimizin əbədiliyinin təmin olunması  baxımından müstəsna əhəmiyyət kəsb edir. Əlbəttə ki, bütün bunlar ölkəmizdə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin parlaq nəticələridir. Bütövlükdə, 2017-ci il Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da artması, sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi baxımından uğurlu il oldu».

YAP Gənclər Birliyinin önəmli layihələr həyata keçirdiyini deyən S.Novruzov qeyd edib ki, bu layihələr bütövlükdə ölkə gəncləri tərəfindən maraqla qarşılanır. «Debat turniri» də məhz belə layihələrdəndir.  Onun sözlərinə görə, bu gün ölkəmizdə  yüksək intellektli gənclər yetişib ki, onların da mütləq əksəriyyəti partiyamızın sıralarında birləşib.

Çıxış edən Bakı Ali Neft Məktəbinin rektoru, YAP Siyasi Şurasının üzvü Elmar Qasımov Yeni Azərbaycan Partiyasının sıralarında on minlərlə gəncin birləşdiyini vurğulayıb. O qeyd edib ki, YAP böyük siyasi məktəbdir və gənclərimiz bu siyasi məktəbdən öz gələcəkləri üçün faydalanırlar. Azərbaycan gənclərinin yüksək təhsil almaları üçün ölkəmizdə bütün şəraitin yaradıldığını deyən E.Qasımov BANM-ın uğurlarından da bəhs edib.

Daha sonra tədbirdə Prezident İlham Əliyevin Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında çıxışını özündə əks etdirən video material  nümayiş etdirilib.

 Sonra «Debat turniri»nin  final mərhələsinə vəsiqə qazanmış Səbail və Yasamal rayonlarını təmsil edən komandalar debatlar aparıb. Yekunda qalib və finalçı komanda üzvləri, o cümlədən ən yaxşı natiqlər, hakim və məşqçi mükafatlandırılıb.

Tədbirin sonunda YAP Gənclər Birliyi və DVC arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumun məqsədi birgə əməkaşlıq çərçivəsində gənclərin inkişafını təmin etmək, ictimai debatlar təşkil edərək Bakı şəhəri və regionlarda yaşayan gənclərin dünyagörüşü və biliklərinin artırılması istiqamətində yeni layihələrə imza atmaqdır.

Xatırladaq ki, dekabr ayının ilk həftəsində YAP Gənclər Birliyinin Bakı şəhəri üzrə müxtəlif nümayəndəliklərinə üzv olan gənclərə debat təlimləri keçirilib, komandalar formalaşdırılıb. Məşq prosesində fəal iştirak edən debatçı gənclər dekabrın 16 və 17-i keçirilmiş qrup və play-off mərhələsində iştirak edərək “Qarabağ MDB məkanında ən böyük münaqişə ocağıdır” mövzusunda debatlar aparıblar.

 

DİGƏR Partiya xəbərləri Arxiv