YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

SOCAR və “Statoil” şirkətləri perspektivli əməkdaşlığın əsas prinsipləri haqqında müqavilələr imzalayıb

SOCAR və “Statoil” şirkətləri perspektivli əməkdaşlığın əsas prinsipləri haqqında müqavilələr imzalayıb.

SOCAR-dan bildirilib ki, SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kukun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

''Qarabağ'' yatağının işlənməsi ilə bağlı risk xidmətləri və bəzi perspektivli sahələrinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə aid uzun müddətdir aparılan müzakirə və məşvərətlər nəticəsində mütəxəssislər tərəfindən perspektivli əməkdaşlığın əsas prinsipləri işlənib, razılaşdırılıb.

SOCAR prezidenti Rövnəq Abdullayev və “Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk tərəfindən şirkətlər arasında perspektivli tərəfdaşlığın əsas müddəaları haqqında iki müqavilə imzalanıb. İmzalanan sənədlər Xəzər dənizinin Azərbaycan sektorunda bəzi perspektivli sahələrin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsas kommersiya prinsipləri və müddəalarını, habelə “Qarabağ” neft yatağı üzrə risk xidmət sazişinin əsas kommersiya prinsipləri və müddəalarını əhatə edir.

İmzalanma mərasimində SOCAR prezidenti Rövnəq Abdullayev deyib: “Mütəxəssislərimiz məhsuldar çalışaraq, müsbət nəticələr əldə etmişlər. Əsas prinsiplərin imzalanması iqtisadiyyatımıza yeni dəyər qazandıracaq gələcək layihələrin həyata keçirilməsi üçün etibarlı zəmin yaradır. Bu istiqamətdə aparılmış işlərin qısa zaman ərzində yekunlaşması üçün müvafiq tədbirlər görülməlidir”.

Norveçin Azərbaycandakı səfiri Bord İvar Svendsen deyib: “Azərbaycanla əməkdaşlığın uzun bir tarixi var. “Statoil” Azərbaycanda artıq 25 ildir uğurla fəaliyyət göstərir. Norveç hökuməti “Statoil”un enerji layihələrinə böyük önəm verir”.

“Statoil” şirkətinin baş vitse-prezidenti Al Kuk enerji layihələrində, habelə sosial əhəmiyyətli tədbirlərdə SOCAR ilə səmərəli və məhsuldar əməkdaşlığın qurulduğunu vurğulamış, AÇG layihəsi çərçivəsində həyata keçirilən əməliyyatların dünya standartlarına uyğun şəkildə aparıldığını bildirmişdir. Sonda yüksək səviyyəli əməkdaşlıq üçün SOCAR-ın rəhbərliyinə və mütəxəssislərdən ibarət komandasına təşəkkür etmişdir.

Qeyd edək ki, SOCAR Azərbaycan Respublikası ərazisində neft və qaz sahələrinin işlənməsi, ölkəyə yeni xarici investisiyaların cəlb olunması üçün çalışmalarını davam etdirərək, uzun müddət tərəfdaşlıq etdiyi “Statoil” şirkəti ilə də bu istiqamətdə işləməkdədir. “Qarabağ” neft yatağı və digər perspektiv sahələrdə planlaşdırılan işlər Azərbaycanda neft hasilatının sabit saxlanılması, qaz hasilatının artırılması baxımından mühüm əhəmiyyətə malik layihələr kimi qiymətləndirilir.