YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İqtisadiyyat naziri Britaniya şirkətlərini Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib

İqtisadiyyat naziri Britaniya şirkətlərini kənd təsərrüfatı, turizm, nəqliyyat, logistika sahələrinə sərmayə qoymağa və Azərbaycanda fəaliyyət göstərməyə dəvət edib.

Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, Azərbaycan Böyük Britaniya ilə əlaqələrin inkişafına xüsusi önəm verir. Bu gün bu əlaqələr yüksək səviyyədədir və inkişaf edir. Bu inkişaf bütün sahələrə aiddir. Ölkələrimiz arasında siyasi əlaqələr yüksək səviyyədədir, iqtisadi və humanitar sahədə əlaqələr inkişaf edir. Bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclasında bütün sahələr üzrə potensial imkanlar bir daha araşdırıldı. Hesab edirik ki, qazandığımız uğurlar əsasında gələcəkdə daha da yüksək nəticələr əldə edə bilərik. İqtisadi sahədə əsas uğurlarımız neft-qaz sahəsində əldə olunub. Britaniya Azərbaycan iqtisadiyyatına ən çox sərmayə yatıran ölkədir. Bu sərmayələrin həcmi 27 milyard dollardan çoxdur.

"Digər sahələrdə də Britaniya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Ölkəmizdə 500-dən çox Britaniya investisiyalı şirkət var. Bu gün biz qeyri-neft sektoruna Britaniya şirkətlərinin cəlb olunmasını əsas vəzifə hesab edirik. İstəyirik ki, qazanılmış uğurlar əsasında iqtisadiyyatın şaxələndirilməsi istiqamətində Azərbaycan hökumətinin apardığı siyasətə uyğun olaraq xarici investisiyalı şirkətlərin, bu halda Britaniya şirkətlərinin cəlb olunmasını sürətləndirək. Bu baxımdan sənayenin bir sıra istiqamətləri maraqlıdır. Britaniya şirkətlərini kənd təsərrüfatı, turizm, nəqliyyat, logistika sahələrinə sərmayə qoymağa və Azərbaycanda fəaliyyət göstərməyə dəvət edirik”, - deyə nazir bildirib.

Humanitar sahədə, o cümlədən təhsil sahəsində böyük uğurlarımızın olduğunu deyən nazir bu sahədə də əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu qeyd edib.