YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İslamabadda “Uzaqgörən liderlərin gənclərin inkişafında rolu: Heydər Əliyev və Məhəmməd Əli Cinnah” mövzusunda seminar keçirilib

Azərbaycanın Pakistandakı səfirliyinin və Pakistanın COMSATS İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) birgə təşkilatçılığı ilə İslamabad şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı “Uzaqgörən liderlərin gənclərin inkişafında rolu: Heydər Əliyev və Məhəmməd Əli Cinnah” mövzusunda seminar keçirilib.

Pakistanda akkreditə olunan bir sıra ölkələrin səfirlərinin, diplomatların, bu ölkənin bəzi universitetlərinin tələbə və müəllim heyətinin, kütləvi informasiya vasitələri nümayəndələrinin və ziyalıların iştirakı ilə keçirilən seminarda ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ruhuna Qurani-Kərimdən ayələr oxunub.

COMSATS İTİ-nun beynəlxlaq əlaqələr idarəsinin rəhbəri professor Ərşad Malik bir-birinə yaxın, dost ölkələr olan Azərbaycan ilə Pakistanın siyasi liderləri - Heydər Əliyev və Məhəmməd Əli Cinnahın həyat və fəaliyyətlərində mühüm bənzərliklərin olduğunu, bu liderlərin fədakarlıq göstərərək xalqlarının çətin anında meydana atılaraq öz xalqlarını gözlənilən bəlalardan xilas etdiklərini bildirib.

Kayde Əzəm Universitetinin professoru elmlər doktoru Riaz Əhməd Heydər Əliyev və Məhəmməd Əli Cinnahın həyat və fəaliyyəti, onların malik olduğu liderlik keyfiyyətləri, tətbiq etdikləri doğru və ardıcıl strategiyalar sayəsində Azərbaycan və Pakistan xalqlarının müstəqil dövlətə malik olduqlarını bildirib. O, Heydər Əliyev və Cinnahın qətiyyət, uzaqgörənlik, çeviklik kimi keyfiyyətlərə malik olmaqla öz ölkələrini irəli apara bildiyini diqqətə çatdırıb. Riyaz Əhməd hər iki ölkənin müasir gəncliyinin onların təcrübəsindən bəhrələnərək, Vətənə xidmətin uğurlu nümunəsini ortaya qoya biləcəklərini bildirib. Professor Bakıya səfəri zamanı Heydər Əliyevin Azərbaycanda yaratdığı iqtisadi və elmi-texniki tərəqqisinin şahidi olduğunu qeyd edib.

Pakistanda keçirilən “Mən Azərbaycan haqqında nə bilirəm” essesinin qalibi kimi Azərbaycana səfər edən COMSATS İnformasiya Texnologiyaları İnstitutunun beynəlxalq əlaqələr idarəsi rəhbərinin müavini, gənc mühəndis Qeysər Navabzadə Xəttak çıxışında ümummilli liderlər Heydər Əliyev və Cinnahın öz xalqlarının siyasi həyatında müstəsna rol oynamaqla, ictimai həyatın bütün sahələrində inkişafın əldə edilməsində, dövlətçiliyin formalaşdırılmasında əvəzsiz xidmətlər göstərməklə gəncliyə nümunə olduqlarını vurğulayıb.

COMSATS İTİ-nun rektoru Rahil Qəmər böyük liderlərin ölkələrinin siyasi tarixinin və gəncliyinin formalaşdırılmasındakı rollarına toxunub, liderlərin formalaşdırılmasında cəmiyyətin və liderin şəxsi keyfiyyətlərinin rolunun daim müzakirə predmeti olduğunu bildirib.

COMSATS-ın icraçı direktoru, elmlər doktoru Cüneyd Zaidi isə İnstitutda “Heydər Əliyev Kürsüsü” adlı qurum təsis edərək, hər iki ölkədən aparıcı elm adamlarını bu quruma üzvlüyə qəbul etmək, fərqlənənlərin mükafatlandırılmasının mümkünlüyündən söhbət açıb.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə ölkəmizin dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi ümummilli lider Heydər Əliyevin gənclər siyasətini də müəyyənləşdirdiyini diqqətə çatdırıb. Deyilib ki, Ulu Öndər gənclərlə mütəmadi olaraq görüşüb, onların vətənpərvər ruhda müasir kadrlar kimi yetişməsində mühüm rol oynayıb. Səfir hazırda bu siyasətin uğurla davam etdirildiyini və Azərbaycan gənclərinin ölkəmizi yüksək beynəlxalq kürsülərdə təmsil etdiyini bildirib. Diplomat mənalı həyat yolu keçən ulu öndər Heydər Əliyevin müasir gəncliyə örnək olduğunu vurğulayıb, Pakistanın böyük lideri Məhəmməd Əli Cinnahın “Bizim gənclik daim özünü intizam və təhsillə təchiz etməli və qarşılarında duran çətinlikləri hər an dəf etməyə hazır olmalıdır”-sözlərini sitat gətirib.

Səfir gələcəyimizin sağlam, vətənpərvər və ağıllı gənclərdən asılı olduğunu deyərək, hər iki ölkənin gənclərini daha sıx əməkdaşlığa çağırıb, gənclərimizi böyük liderlərimizdən örnək götürərək ölkələrimizi irəli aparmağa səsləyib.

Çıxışlardan sonra Pakistan və Azərbaycan məzunları və gəncləri arasında, elm, mədəni, humanitar və sosial sahələrdə əlaqələrin daha da artırılması istiqamətində fəaliyyət göstərəcək, müəyyən birgə layihələrin və tədbirlərin həyata keçirilməsi ilə hər iki ölkənin vətəndaşları, xüsusən gəncləri arasında əlaqələrin artırılmasına xidmət edəcək “Pakistan - Azərbaycan Məzunlar Assosiasiyası”nın təsis edildiyi elan olunub və Assosiasiyanın loqosu təqdim edilib.