Xəbərlər
Musa Quliyev: Yeni Azərbaycan Partiyası dövrün tələbindən yaranmış bir partiyadır

«Yeni Azərbaycan Partiyası müasir Azərbaycan tarixində ən böyük rol oynamış bir siyasi təşkilatdır». Bu fikri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.
M.Quliyev bildirib ki, Yeni Azərbaycan Partiyası dövrün tələbindən yaranmış bir partiyadır. Onun fikrincə, Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə YAP Azərbaycanın xilası naminə yaranıb və bu missiyanı layiqincə yerinə yetirib.
«Ümumilli lider Heydər Əliyevə Azərbaycan xalqının inamı və Azərbaycan xalqının xilas yolunun Ulu öndərin rəhbərliyi altında təşkilatlanmaqda görməsi ölkəmizin müstəqillik illərində parçalanmaqdan, məhv olmaqdan qurtarmaq üçün xalqın göstərdiyi səylər YAP-ın yaranmasına səbəb olmuşdu. O zamanlar Azərbaycanın müxtəlif regionlarında yaşayan ziyalılar, vətənpərvər insanlar Ümummilli lider Heydər Əliyevə müraciət etdilər ki, belə bir qurum yaransın. Təbii ki, bu məşhur “91-lər” hərəkatı də belə yarandı. 25 il əvvəl yaranan partiya Azərbaycanın ictimai-siyasi mühitinə yeni bir ab-hava gətirdi. YAP Azərbaycanda siyasi mübarizə mədəniyyətinin başlanğıcını qoyan bir partiyadır. YAP yaranan gündən Azərbaycanın bütövlüyünü, müstəqilliyini, milli maraqlarını önə çıxardı və bu yolda sivil siyasi yolla mübarizə aparacağını bəyan etdi. Ümummilli lider 1993-cü ilin 15 iyununda xalqın qurtarıcı bir missiyasını öz üzərinə götürdü, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı və Azərbaycanda yenidən rəhbərliyə başladı. Partiya xalqın ona inamını hər zaman doğruldur, artırır və xalq da bu partiyaya etimad göstərir. Bu gün partiyamız Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlər qazanır»- deyə, YAP Siyasi Şurasının üzvü qeyd edib.