YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Suraxanı rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər. Daha sonra rayon İcra Hakimiyyətinin inzibati binasında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə, eyni zamanda, YAP-ın yaradılması və ölkəmizin inkişafındakı xidmətləri ilə bağlı Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun məsləhətçisi olduğu və "SƏS" Media Qrupun hazırladığı  “Xalq və dövlətçilik uğrunda – 25 il” adlı qısametrajlı film nümayiş etdirilib, Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov geniş məruzə ilə çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. O vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb.

YAP-ın təsis konfransının iştirakçısı, partiyanın veteran üzvü Sabir Allahverdiyev YAP-la bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. O, YAP-ın olduqca gərgin ictimai-siyasi zamanda yarandığını qeyd edərək  ötən dövr ərzində partiyanın Cənubi Qafqazın ən böyük siyasi təşkilatına çevrildiyini vurğulayıb.

YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə YAP-ın yaranmasını və tez bir zamanda xalqımızın iradəsi ilə siyasi hakimiyyətə gəlişini müasir tariximizin ən mühüm ictimai-siyasi hadisələrindən biri kimi dəyərləndirib və bu münasibətlə tədbir iştirakçılarını təbrik edib.

"SƏS" Media Qrupun rəhbəri Bəhruz Quliyev çıxış edərək Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla, sürətlə həyata keçirilməsinin Ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib.

Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov YAP-ın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Ulu öndər Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O bildirib ki, bu gün bu siyasətin Azərbaycanın Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində sürətlə inkişaf edən Azərbaycan uğurlu nailiyyətlər qazanır.

Tədbirin sonunda YAP Suraxanı rayon təşkilatının bir qrup fəal üzvü fəxri fərmanla təltif edilib. Eyni zamanda, partiya sıralarına yeni daxil olanlara üzvlük vəsiqəsi verilib.