YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Bu görüş onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur

«Son dövrlər Xəzər dənizi-Qara dəniz hövzəsi və Cənubi Qafqaz kimi böyük bir regionda baş verən mühüm hadisələr, o cümlədən Azərbaycanın liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələr Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda görüşünün keçirilməsinə əhəmiyyətli təsir göstərib. Son bir həftədə Azərbaycan Prezidenti regionun demək olar ki, bütün ölkə və hökumət başçıları ilə görüşlər keçirib. Bu görüşlərdə regionun siyasi-iqtisadi həyatının bütün aktual məsələləri, habelə Şərq-Qərb nəqliyyat-kommunikasiya dəhlizinin ən mühüm seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolunun perspektivi, bu layihənin region ölkələrinə, ümumiyyətlə, dünyada ticari-iqtisadi əlaqələrin güclənməsinə verəcəyi dəstəklə bağlı mühüm müzakirələr aparıb». Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan, İran və Rusiya prezidentlərinin noyabrın 1-də Tehranda keçirilmiş üçtərəfli görüşü ilə bağlı Trend agentliyinə müsahibəsində deyib.

Əli Həsənov bildirib ki, Azərbaycan, İran və Rusiya prezidentlərinin üçtərəfli görüşü, ilk növbədə, regionda sabitliyin, təhlükəsizliyin təmin olunması, əməkdaşlıq mühitinin stimullaşdırılması, ölkələr arasında ticari-iqtisadi əlaqələrin, enerji və nəqliyyat sahəsində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsi və digər aktual məsələlərin həlli üçün mühüm əhəmiyyətə malik platformadır. Əminliklə demək olar ki, dövlət başçıları dünənki görüşdən və onun nəticələrindən kifayət qədər razı qaldılar. Həmçinin Azərbaycan, Rusiya və İranın nümayəndə heyətləri müxtəlif sahələr üzrə mövcud vəziyyəti və qarşıda duran vəzifələri, tərəfdaşlıq kursunun bütün konturlarını müzakirə etdilər. Düşünürəm ki, keçirilmiş görüşlərin müsbət nəticələri yaxın zamanlarda özünü göstərəcək.

«Bu görüş onu göstərdi ki, Azərbaycan, İran və Rusiya arasında səmimi dostluq əlaqələri mövcuddur. Üç ölkə arasında qarşılıqlı hörmət və səmərəli əməkdaşlıq, ümumilikdə, regionun aktual məsələlərinin həlli üçün böyük önəm daşıyır və bütün iştirakçılar səmərəli əməkdaşlıq kursunu davam etdirmək əzmindədirlər.

Qeyd etmək istəyirəm ki, bu tipli yeni əməkdaşlıq formatlarının yaradılması aktualdır. Azərbaycan-İran-Rusiya əməkdaşlığı kimi, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Gürcüstan-Türkiyə platformaları da artıq formalaşıb və fəaliyyət göstərir. Gələcəkdə yəqin ki, Azərbaycan-Türkiyə-Türkmənistan, Azərbaycan-Türkiyə-Qazaxıstan, Azərbaycan-İran-Türkmənistan və digər formatlarda əməkdaşlıq davam etdiriləcək. Bu formatlar regionda sülh, əmin-amanlıq, firavanlıq və ticari-iqtisadi əlaqələrin güclənməsinə öz müsbət təsirini göstərəcək»- deyə, Əli Həsənov vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv