YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Çin XİN rəhbəri Azərbaycan istehsalı olan məhsulların keyfiyyətini yüksək qiymətləndirib

Çinin paytaxtı Pekində “Sevgi sərhəd tanımır” adlı ənənəvi xeyriyyə sərgi-yarmarkası keçirilib. Çin Xarici İşlər Nazirliyinin və Çin Yoxsulluqla Mübarizə Fondunun təşkil etdiyi tədbir müxtəlif ölkələrin milli mədəniyyətlərinə aid suvenirlərin, milli mətbəx nümunələrinin, məhsul və malların satışından əldə olunan gəlirin Çində həyata keçirilən humanitar layihələrə yönəltməklə maddi dəstək məqsədi daşıyıb.

Çin xarici işlər naziri Van İnin həyat yoldaşı Çian Veyin təşəbbüsü ilə təşkil edilən sərgi-yarmarkada 87-si Pekindəki diplomatik nümayəndəliklərə məxsus olmaqla, beynəlxalq təşkilat, yerli və xarici şirkətlərin ümumilikdə 140 pavilyonu fəaliyyət göstərib.

Azərbaycanın Çindəki səfirliyinin hazırladığı geniş pavilyonda milli mədəniyyətimizi tanıdan və təbliğ edən müxtəlif eksponatlar, o cümlədən xalça və geyim nümunələri, müxtəlif suvenirlər nümayiş etdirilib. Bundan başqa, tədbirin xarakterinə uyğun olaraq milli mətbəximizin təamlarından plov, dolma, kabab, kükü, manqal salatı, paxlava və şəkərbura, “Made in Azerbaijan” brendi ilə istehsal olunan kənd təsərrüfatı məhsulları, o cümlədən şərab və konyaklar, kompotlar, mürəbbələr, habelə Azərbaycana aid rəmzlərin əks olunduğu papaqlar, toxuculuq nümunələri, idman köynəkləri, şərflər, əl çantaları, araxçınlar, kəlağayılar satışa çıxarılıb.

Çinin xarici işlər naziri Van İ və xanımı Azərbaycan pavilyonuna baş çəkib. Səfir Əkrəm Zeynallı qonağa milli pavilyonda nümayiş etdirilən Azərbaycanın tarixi və mədəniyyətinə dair eksponatlar barədə məlumat verib, xeyriyyə məqsədilə satışa çıxarılan Azərbaycan istehsalı olan məhsullar, suvenirlər və təamları təqdim edib. Van İ və xanımı Azərbaycan şərabının, kompotunun və paxlavasının dadına baxıblar. Nazir Azərbaycan şərabı və kompotunun keyfiyyətini yüksək qiymətləndirib, paxlavanın dadlı olduğunu deyib. Çin XİN rəhbəri xeyirxahlıq xarakterli tədbirdə iştiraka görə Azərbaycan tərəfinə təşəkkür edib.

Qeyd edək ki, sərgi-yarmarkanı 15 mindən çox Pekin sakini, qonaq və əcnəbi ziyarət edib. Yarmarka iştirakçıları və yerli sakinlərin Azərbaycan pavilyonuna marağı böyük olub.

Gün ərzində davam edən yarmarka zamanı yığılan vəsait Çinin Yunnan əyalətində səhiyyə layihələrinin icrasına maddi dəstək üçün yaradılan fonda köçürülüb. Təşkilatçılar tədbirdə yüksək səviyyədə iştiraka görə Azərbaycan səfirliyinə təşəkkür ediblər.