Partiya xəbərləri
YAP Qubadlı rayon təşkilatının VIII konfransı keçirilmişdir

Oktyabrın 14-də YAP Qubadlı rayon təşkilatının VIII konfransı keçirilmişdir.
Konfransda iştirak edən qonaqlar və konfrans nümayəndələrinin bir qrupu Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə tər çiçəklər düzməklə onun əziz xatirəsini ehtiramla yad etdilər.
Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilkatının sədri Allahverdi Haqverdiyev konfransı açıq elan etdi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Yeni Azərbaycan Partiyasının yaradıcısı Ulu Öndər Heydər Əliyevin və ötən konfransdan keçən müddətdə dünyasını dəyişmiş partiya üzvlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Ötən dövr ərzində görülən işlər barədə YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev məruzə ilə çıxış edərək hesabat verdi.
Nəzarət təftiş qrupunun hesabatı dinlənildikdən sonra konfrans öz işini müzakirələrlə davam etdirdi.
Müzakirələrdə iştirak edən konfrans nümayəndələri ötən konfransdan keçən müddətdə görülən işlər, keçirilən tədbirlər barədə fikir və təkliflərini səsləndirdilər, təşkilatın hesabat dövründəki fəaliyyətinə öz münasibətlərini bildirdilər.
Konfransda daha sonra təşkilati məsələlərə baxıldı.
Konfransda YAP Qubadlı rayon təşkilatının 25 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti, 5 nəfərdən ibarət nəzarət təftiş qrupu seçildi.
Konfransda YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haqverdiyev yekdilliklə yenidən rayon təşkilatının sədri seçildi.
Konfransda Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov, Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsakov çıxış etdilər.