YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bu gün AŞPA-nın payız sessiyası işə başlayır

Bu gün Avropa Şurası Parlament Assambleyasının payız sessiyası öz işinə başlayacaq.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu sessiyada iştirak edəcək.

Çex Respublikasının Prezidenti Miloş Zeman və Ukrayna Prezidenti Petro Poroşenko sessiyanın açılışında çıxış edəcəklər.

Sessiyanın ilk günüdə AŞPA-nın yeni prezidentinin seçkisi keçiriləcək. Bu vəzifəyə Stella Kiriakidesin (Kipr) və Emanuelis Zingerisin (Litva) namizədlikləri irəli sürülüb. Yeni seçilən prezidentin AŞPA-nın qış sessiyasına qədər bu vəzifəni icra edəcəyi gözlənilir.

Eyni zamanda, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Çexiyanın xarici işlər naziri Lübomir Zaoralek komitənin son dövrdəki fəaliyyəti ilə bağlı məlumat verəcək və assambleya üzvlərinin suallarını cavablandıracaq. Sessiyanın ikinci günündə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının baş katibi Angel Gurria təşkilatın 2016-2017-ci illərdəki fəaliyyəti ilə bağlı məlumat verəcək və müzakirələr aparılacaq. Sessiyada Azərbaycanla bağlı hazırlanmış iki məruzə layihəsi üzrə birgə müzakirələrin keçirilməsi gözlənilir. Həmçinin assambleya üzvlərinin şəffaflığı, hesabatlılığı və toxunulmazlığını dəstəkləmək və inkişaf etdirmək üçün yeni təkliflər müzakirə olunacaq. Avropa Şurasının baş katibi Torbyorn Yaqland parlamentarilərin suallarını cavablandıracaq.

AŞPA-nın payız sessiyasında Rohinca müsəlmanlarının ağır humanitar vəziyyəti, Kataloniya böhranının siyasi həlli və digər məsələlərlə bağlı müzakirələrin keçirilməsi təşəbbüsü də irəli sürülüb.

Payız sessiyası oktyabrın 13-dək davam edəcək.

DİGƏR Xəbərlər Arxiv