YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“The Jewish Press” nəşrində Azərbaycan ilə İsrail arasında davamlı münasibətlər haqqında məqalə dərc olunub

Amerikada çıxan yəhudidilli “The Jewish Press” nəşrində “Jewish News Service” jurnalının sabiq baş redaktoru Ceykob Kamarasın Azərbaycan-İsrail münasibətlərinə həsr edilmiş məqaləsi dərc olunub.

Məqalə müəllifinin fikrincə, Dağlıq Qarabağ münaqişəsində İsrailin pilotsuz təyyarələrinin tətbiq edilməsi barədə İsrail mətbuatında dərc olunan məqalələr bu münasibətlərin sabitliyinə təsir göstərə bilməz. Materialda qeyd edilir ki, İsrail mətbuatında əvvəllər dərc olunmuş məqalələrdə iddia edildiyinə görə, guya Azərbaycan İsrailin “Aeronautics Defense Systems” şirkətindən silahlı pilotsuz təyyarənin imkanlarını nümayiş etdirmək məqsədilə həmin qurğudan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda Ermənistan ordusunun mövqelərinə qarşı istifadə olunmasını xahiş edib. Avqustun axırlarında İsrail Müdafiə Nazirliyi bu şirkətin Azərbaycana ixrac barədə lisenziyasının qüvvəsini dayandırıb.

Bununla əlaqədar, bəzi “təsadüfi icmalçılar” tələsik belə nəticə çıxarıblar ki, guya bu hadisə İsrail-Azərbaycan münasibətlərinin pisləşməsinə dəlalət edir. C.Kamaras vurğulayır ki, belə iddialar həqiqətə uyğun deyil. Müəllifin yazdığına görə, İsrailin Baş naziri Binyamin Netanyahu sentyabrın 6-da bəyan edib ki, İsrail “Asiya ölkələri ilə, xüsusən Azərbaycan və Qazaxıstan kimi müsəlman ölkələri ilə münasibətlərin inkişafında böyük addımlar atıb”. Həqiqətən, Netanyahu 2016-cı ilin dekabr ayında Azərbaycan və Qazaxıstana səfərləri zamanı İslam dünyası ilə İsrailin konstruktiv münasibətlərinin modelini təklif edib. Netanyahu əhalisinin əksəriyyəti müsəlmanlar olan Azərbaycana səfəri zamanı bu ölkə ilə İsrailin münasibətlərini yüksək qiymətləndirib, Azərbaycan-İsrail münasibətlərini “bizim dünyaya göstərə biləcəyimiz nümunə” adlandırıb. Lakin Netanyahunun keçənilki bəyanatları nə isə təzə məsələ deyildi. Əslində İsrail və Azərbaycan hələ 1992-ci ildə bu iki dövlət arasında rəsmi münasibətlər yaradıldığı gündən bütün dünyaya konfessiyalararası və mədəniyyətlərarası tolerantlıq nümunəsi göstərirlər.

Müəllif daha sonra Milli Məclisin üzvü Asim Mollazadədən sitat gətirir. A.Mollazadə “The Jerusalem Post” qəzetində dərc olunmuş məqaləsində pilotsuz təyyarələr barədə dezinformasiya ilə bağlı fikirlərini söyləyərək göstərir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisini işğal etmiş Ermənistan İsrail-Azərbaycan münasibətlərinin möhkəmliyini şübhə altına alan hər hansı xəbərlərdən öz xeyrinə istifadə etməyə çalışır.

Kamaras Azərbaycan-İsrail münasibətlərinin sabitliyindən söhbət açaraq qeyd edir ki, bu il sentyabrın 6-da Azərbaycanın Şamaxı şəhəri ilə İsrailin Tilat Karmel şəhəri arasında qardaşlaşma barədə yeni saziş imzalanması ikitərəfli münasibətlərin davamlı inkişafına növbəti sübutdur. Bundan əlavə, Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun İsrailə səfərini və bu ölkənin müdafiə naziri Aviqdor Liberman ilə görüşünü də qeyd etmək lazımdır.

Müəllif məqalənin sonunda yazır ki, Azərbaycan-İsrail münasibətləri yetərincə möhkəmdir və pilotsuz təyyarələr haqqında hansısa bir məqalə bu münasibətlərə xələl gətirə bilməz.