YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüsal Qasımlı: "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın iki pillə irəliləməsi davamlı islahatların məntiqi nəticəsidir

Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycanın iki pillə irəliləməsini ölkədə həyata keçirilən davamlı islahatların məntiqi nəticəsi hesab etmək olar.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı"nı şərh edərkən deyib.

Bildirib ki, məhz bu islahatlar fonunda strateji hədəf olaraq iqtisadiyyat liberallaşdırılır və şaxələndirilir. Bunun nəticəsi kimi, kiçik və orta sahibkarlıq inkişaf edir, sözügedən sektorun ümumi daxili məhsulda çəkisi getdikcə artır. Yaradılan əlverişli biznes mühiti isə ölkə iqtisadiyyatına daha çox daxili və xarici sərmayələrin cəlb edilməsi üçün əlavə imkanlar yaradır. Sözsüz ki, burada ictimai-siyasi sabitlik faktoru da ciddi rol oynayır. Məhz bu səbəblərdən Azərbaycanın Dünya İqtisadi Forumunun "2017-2018 Qlobal Rəqabətlilik Hesabatı" indeksi reytinqində bir sıra ölkələri qabaqlayaraq 35-ci yerdə qərarlaşması təsadüfi deyil. Bu göstəriciyə görə, Azərbaycan dünya ölkələrinin hər 4-dən 3-nü üstələməyə müvəffəq olub. Hesabatda bildirilir ki, Azərbaycanın budəfəki indeksi 4,7 bənd təşkil edib və MDB ölkələri arasında liderdir. Hətta G20-yə daxil olan İtaliya, Rusiya, İndoneziya, Hindistan, Türkiyə, Cənubi Afrika Respublikası kimi nəhəng ölkələr də iqtisadiyyatın rəqabət qabiliyyəti indeksinə görə Azərbaycandan geridə qalır. Azərbaycan rəqabət qabiliyyətinin gücünə görə MDB məkanında öz liderliyini inamla qoruyur.

Vüsal Qasımlı deyib: "Azərbaycanın rəqabət qabiliyyətinin artması bir sıra indikatorlarda daha aydın görünür. Hesabatda qeyd olunur ki, hazırda dünyada struktur dəyişiklikləri ən ciddi problemlərdən biridir. Azərbaycan institutların effektivliyinə görə dünyada 33-cü yerdədir. Xüsusilə hökumət institutlarının effektivliyinin göstəricisinə görə, Azərbaycanın mövqeyi bu reytinqdə kifayət qədər yüksəkdir. Hesabatda qeyd olunur ki, hazırda dünyada 4-cü sənaye inqilabı ilə əlaqədar olaraq innovasiyalar sahəsində çağırışlar var və dövlətlər innovasiyalarla çağırışlar sahəsində mübarizə aparmaqda bir qədər çətinlik çəkirlər. Azərbaycan bu göstəriciyə görə dünyada 33-cü yerdədir. Hesabatda, həmçinin göstərilir ki, sosial təbəqələr arasında bərabərsizliyin artması, bütövlükdə iqtisadi inkişaf üçün ciddi problemlər yaratdığı halda, Azərbaycanda Cini əmsalı kifayət qədər aşağıdır və bu, ölkədə orta təbəqənin güclü inkişafının bilavasitə göstəricisidir".

"Göründüyü kimi, Azərbaycan qlobal rəqabət indeksinə görə mövqelərini getdikcə gücləndirir. Sözsüz ki, burada biznesin qurulması üçün vacib olan amillər də əsas şərt kimi qiymətləndirilir. Məsələyə bu baxımdan yanaşdıqda təkcə paytaxt deyil, bölgələrdə də mühüm infrastruktur yaradılıb, xidmətlərə çıxış asanlaşdırılıb, lisenziyalar minimuma endirilib, yoxlamalar ləğv edilib, güclü ixracat-təşviq mexanizmi yaradılıb", - deyə Vüsal Qasımlı diqqətə çatdırıb.