YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının IX konfransı keçirilib

Sentyabrın 27 –də Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının IX konfransı keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzərək Ulu öndərin xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə YAP Siyasi Şurasının üzvlərindən, Milli Məclisin deputatı Mirkazım Kazımov,  “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yardımlı  rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov iştirak ediblər.

Konfransı giriş sözü ilə açan YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev təşkilatın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında məruzə ilə çıxış edib. Diqqətə çatdırılıb ki, hesabat dövründə YAP Yardımlı rayon təşkilatı öz fəaliyyətini Heydər Əliyev ideyalarının, Yeni Azərbaycan Partiyasının V Qurultayında partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin proqram xarakterli nitqindən irəli gələn müddəaların yerinə yetirilməsinə yönəltmişdir.

Konfransda Nəzarət-Təftiş Qrupunun məruzəsi dinlənilib. Məruzə ətrafında çıxış edənlər rayon təşkilatının IX konfransa qədərki fəaliyyətini qənaətbəxş hesab etdiklərini diqqətə çatdırıblar.

Konfransda çıxış edən Milli Məclisin deputatı Mirkazım Kazımov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Yardımlı  rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov  və başqaları partiyanın yarandığı tarixi şəraitdən, partiyanın yaradıcısı Ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından və YAP-ın cəmiyyətdə aparıcı rolundan danışıb, Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə qazanılmış  uğurlardan bəhs ediblər.

Konfransda daha sonra təşkilati məsələlərə baxılıb, Mahir Mirzəyev yenidən YAP-ın Yardımlı rayon təşkilatının sədri seçilib. Həmçinin təşkilatın 37 nəfərdən ibarət şurası, 15 nəfər tərkibdə idarə heyəti və 7 nəfərdən ibarət nəzarət-təftiş qrupu seçilib.