YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident Bounhanq Voraçit laoslu mütəxəssislərin yetişdirilməsində dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Laos Xalq Demokratik Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Bounhanq Voraçit ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını Laos dövlətinin başçısına çatdırıb.

Laos Prezidenti Bounhanq Voraçit Azərbaycan Respublikası Prezidentinin səmimi salamlarına görə təşəkkür edib, onun da salamlarının və ən xoş arzularının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Prezident Bounhanq Voraçit iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi üçün xarici işlər nazirləri səviyyəsində qarşılıqlı rəsmi səfərlərin mühüm əhəmiyyətə malik olduğunu bildirib.

Azərbaycan və Laos arasında ənənəvi dostluq münasibətlərinə toxunan Prezident Bounhanq Voraçit çoxsaylı laoslu tələbələrin müxtəlif sahələr üzrə Azərbaycanda ali təhsil aldıqlarını diqqətə çatdırıb, laoslu mütəxəssislərin yetişdirilməsində göstərdiyi dəstəyə görə Azərbaycan hökumətinə təşəkkür edib və bu əsnada qurulmuş əlaqələrin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov bu ilin iyununda laoslu həmkarının Azərbaycana ilk rəsmi səfərini xatırladıb, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılması və ikitərəfli müqavilə-hüquq bazasının inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Bu xüsusda Elmar Məmmədyarov laoslu həmkarı Salımsay Kommasit Azərbaycanda rəsmi səfərdə olarkən “Laos Xalq Demokratik Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad olunması haqqında Saziş”in imzalandığını, bu səfərdə isə iki ölkənin Xarici İşlər nazirlikləri arasında Anlaşma və Əməkdaşlıq haqqında Memorandumun imzalanacağını diqqətə çatdırıb.

Təhsil sahəsində əməkdaşlığın əhəmiyyətinə toxunan nazir Azərbaycanın bu sahədə əməkdaşlığı davam etdirməyə hazır olduğunu qeyd edib, ölkəmizin ali təhsil müəssisələri, o cümlədən ADA Universitetinin artan imkanları barədə məlumat verib.

Elmar Məmmədyarov ölkəmizin inkişafı və əldə etdiyi nailiyyətlər haqqında məlumat verərək Şimal-Cənub nəqliyyat dəhlizinin perspektiv imkanları barədə danışıb və Laosun da öz məhsullarının ixracı üçün bu dəhlizdən istifadə edə biləcəyini diqqətə çatdırıb.

Görüşdə, həmçinin kənd təsərrüfatı, enerji, turizm sahəsində əməkdaşlığın inkişafı üçün geniş potensialın olduğu və bu istiqamətdə birgə səylərin davam etdirilməsinin zəruriliyi qeyd edilib.