YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Sentyabrın 7-də Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə general-polkovnik N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb.

N.Sadıkov Azərbaycan ilə NATO arasında səmərəli və etibarlı münasibətlərin qurulmasında ümummilli lider Heydər Əliyevin və dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xidmətlərini xüsusi qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Baş Qərargah rəisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.

NATO-nun ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən Baş Qərargah rəisi Alyansın bu istiqamətdə səylərinin bundan sonra da davam edəcəyinə əminliyini ifadə edib.

NATO-nun Hərbi Komitəsinin sədri general P.Pavel Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, sülhməramlılarımızın Əfqanıstanda keçirilən əməliyyatlarda göstərdikləri peşəkarlığı yüksək qiymətləndirib.

Azərbaycana səfər etməsindən məmnun olduğunu bildirən qonaq Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə və yüksək qonaqpərvərliyə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib.