YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanda ali təhsilin keyfiyyətinin yüksəldilməsi üzrə həyata keçirilən layihə yekunlaşıb

Avqustun 29-da Təhsil Nazirliyinin və Avropa İttifaqının (Aİ) “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” üzrə “Tvinning” layihəsinin yekun konfransı keçirilib.

Tədbirin keçirilməsində məqsəd Aİ-nin vəsaiti hesabına icra olunan “Tvinning” layihəsinin nəticələrini, eləcə də Təhsil Nazirliyinin ali təhsilin və tədqiqatın keyfiyyətinin yüksəldilməsinə dair yeni planlarını ictimaiyyətin nəzərinə çatdırmaq olub.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, Təhsil Nazirliyinin, Finlandiyanın Təhsilin Qiymətləndirilməsi Mərkəzinin, Estoniyanın Ali və Peşə Təhsilində Keyfiyyətin Təminatı Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən layihənin icrasına 2015-ci ilin sentyabrında başlanıb. Vurğulanıb ki, ikiillik layihə çərçivəsində Azərbaycanda Avropa ali təhsil məkanının prinsiplərinə və standartlarına cavab verən keyfiyyət təminatı və milli kvalifikasiyalar çərçivəsinin hazırlanması və tətbiq edilməsi üzrə iş aparılıb. Bundan başqa, Azərbaycan ali təhsilində əlaqələndirmənin və şəbəkələşmənin yaxşılaşdırılması, ali təhsil və akkreditasiya üzrə hüquqi sənədlərə müvafiq düzəlişlərin edilməsi istiqamətində tövsiyələr verilib. Layihənin əsas nailiyyətlərindən biri ali təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində yeni akkreditasiya və keyfiyyətin qiymətləndirilməsi standartlarının hazırlanmasıdır. Layihə çərçivəsində Azərbaycanın üç pilot universitetində - Dövlət İqtisad Universiteti, Dövlət Pedaqoji Universiteti və Texniki Universitetdə keyfiyyət qiymətləndirmələri reallaşdırılıb və layihə çərçivəsində hazırlanmış standartlar sınaqdan keçirilib.

Konfransda Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Jeroen Villems və Estoniyanın müvəqqəti işlər vəkili İnderek Kiverik çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.