YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Əhmədzadə: Mehriban xanımın Azərbaycan xalqı və dövlətinin ali mənafeyinə xidmət edən fəaliyyəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilir

«Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ali məramlı fəaliyyəti ilə ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynayan, ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edən, müxtəlif sahələr üzrə respublikada və beynəlxalq miqyasda böyük işlər görən ictimai-siyasi xadim kimi tanınır. Onun Azərbaycan xalqı və dövlətinin ali mənafeyinə xidmət edən fəaliyyəti cəmiyyətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilir». Bu fikirləri yap.org.az saytına «Azərbaycan Meliorasiya və Su Təsərrüfatı» ASC-nin sədri Əhməd Əhmədzadə deyib.

Ə.Əhmədzadə bildirib ki, Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Ulu öndərin ideyalarını böyük əzmlə, sədaqətlə həyata keçirir. Onun sözlərinə görə, ölkəmizin yaradıcı və elmi potensialının artırılmasına kömək etməyi, uşaq müəssisələrinin infrastrukturlarını inkişaf etdirməyi, ekologiya sahəsində mühüm tədqiqatları dəstəkləməyi, sağlam həyat tərzini təbliğ etməyi, Azərbaycan Republikasının ərazisində və xaricdə aktual mövzulara dair konfrans və seminarlar, eləcə də dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına dəstək verməyi öz fəaliyyətində prioritet məsələlər kimi öndə tutan Fondun fəaliyyəti ölkənin ictimai həyatının bütün sahələrini əhatə edir.

Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti, həmçinin xalqlar və mədəniyyətlərarası əlaqələrin inkişafına verdiyi əvəzsiz töhfələr xarici ölkələr və nüfuzlu təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir: «Ümumiyyətlə, Mehriban xanım Əliyevanın layiq görüldüyü mükafatların və fəxri adların sayı kifayət qədər çoxdur. Bu kontekstdə xüsusilə iki nümunəyə nəzər yetirmək lazımdır. Birincisi, ölkənin birinci xanımının Azərbaycanın ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə “Heydər Əliyev Mükafatı” ilə təltif olunmasıdır. Digəri isə Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasında mədəniyyətin, təhsilin, səhiyyənin və idmanın inkişafında səmərəli fəaliyyətinə, Azərbaycan xalqının mədəni irsinin beynəlxalq miqyasda geniş təbliğinə və birinci Avropa Oyunlarının təşkilində böyük xidmətlərinə görə ölkəmizin ən ali dövlət təltifi olan “Heydər Əliyev” ordeninə layiq görülməsidir. Yeri gəlmişkən, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çalışan “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin üzvlərinin yüksək əzmkarlığı sayəsində gələcək Avropa Oyunlarının yüksək standartlarının məhz Azərbaycan tərəfindən müəyyənləşdirilməsini xüsusi qeyd etmək lazımdır. Bundan başqa, Mehriban xanım Əliyevanın millət vəkili kimi fəaliyyəti də olduqca səmərəli və yaddaqalan olub. Təsadüfi deyil ki, Azərbaycan vətəndaşları Mehriban xanım Əliyevanın həm də millət vəkili kimi fəaliyyətini yüksək qiymətləndirib, ona yüksək etimad göstəriblər. 14 saylı Xəzər Seçki Dairəsi üzrə Mehriban Əliyevanın 2005, 2010 və 2015-ci illərdə deputat seçilməsi onun fəaliyyətinin qanunauyğun nəticəsi kimi səciyyələndirilir. Faəliyyəti dövründə məhz Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çox genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilib».

Ə.Əhmədzadə qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə Bakı və Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinin köçürülməsinə həsr olunmuş müşavirənin keçirilməsi də deməyə əsas verir ki, Birinci vitse-prezidentin fəaliyyətində sosial məsələlər hər zaman ön planda olacaq. Faəliyyəti dövründə sosial məsələlərə xüsusi diqqət yetirən Mehriban xanım Əliyevanın Birinci vitse-prezident kimi Azərbaycanda həyata keçirilən sosial siyasətə layiqli töhfə verməsi vətəndaşlara diqqət və qayğı çərçivəsində müstəsna əhəmiyyət kəsb edir. «Mehriban xanım Əliyeva bu zamana qədər Azərbaycan xalqının və dövlətinin maraqları əsasında uğurlu fəaliyyət göstərib və cəmiyyətimiz Azərbaycanın birinci xanımının fəaliyyətini olduqca yüksək qiymətləndirir. Məhz bütün bunları nəzərə alaraq deyə bilərik ki, Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilməsi qanunauyğun olmaqla yanaşı, həm də xalqımızın istəyinin ifadəsi oldu. Bu, həmçinin ölkəmizdə həyata keçirilən islahatlar strategiyası çərçivəsində atılmış məqsədyönlü addımlardandır. Şübhəsiz ki, ölkəmizin inkişafına xidmət edən yeni islahatların həyata keçirilməsi prosesində Mehriban xanım Əliyevanın fəaliyyəti bundan sonra da mühüm yer tutacaq»- deyə, ASC sədri vurğulayıb.